Azərbaycanda 5 manatlıq gümüş pullar buraxıldı
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olub (2019). Bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə AMB nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir.
Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.
BDU-nun 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində Universitetin inzibati binasının təsviri, Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” cümləsi və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.
Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.