Azərbaycanın iki jurnalisti və bir məmur minaya düşərək həlak oldu
Cümə günü saat 11 radələrində Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar məlumat yayıb.
Qeyd olunub ki, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!”, – məlumatda vurğulanıb.
AzTV-nin hadisə ilə bağlı yaydığı sujetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.
Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, nəqliyyat vasitəsinin sürücüsü və kənd sakini yaralanıb.
Qeyd edək ki, 10 noyabr razılaçmasına əsasən Ermənistan silahlı qüvvələri Kəlbəcərdən çıxarkən, onlara 10 gün əlavə vaxt verilmişdi. Belə görünür ki, Ermənistan tərəfi bu vaxtı həm də mina basdırmaq üçün istifadə edib.
Baş Prokurorluq media işçilərinin minaya düşərək həlak olması ilə bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir:
Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.
4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.