Əlillər etiraz edir – Video

Əlilliyi olan bir qrup vətəndaş üzləşdikləri haqsızlıqlara etiraz etmək üçün İyunun 8-də Əlillərin Bərpa Mərkəzi qarşısında toplaşıblar.

 

Onların etirazı ilə bağlı Müsavat başqanının müavini Səxavət Soltanlının şərhini təqdim edirik:

 

“Hakimiyyətin rüşvətxor və bacarıqsız kadrlarına görə yenə də sadə və kasıb vətəndaşlar əziyyət çəkir.

 

Yüzlərlə vətəndaş Əlillərin Bərpa Mərkəzinin önündə etiraz edirlər. Belə aydın olur ki, Nazirlər Kabinetinin məsuliyyətsiz, qeyri peşəkar bir qərarına görə yüzlərlə vətəndaş faktiki ehtiyac içində, dərmansız, çörəksiz, idarələrin, xəstəxanaların önündə qalıb.

 

Bu necə sistemdir, 20-30 ildir pensiya alan şəxslərin pensiyasını kəsib sonra yoxlamaq, insanları get-gələ salmaq ki, yoxlayaq görək bundan əvvəlki nazir(lik) hansı cinayətləri edib?

 

Bunun üçün, elə də yüksək olmayan pensiyanın ümidinə qalan insanların pensiyalarını kütləvi şəkildə kəsmək lazım deyildi. Şübhəli məqamlar varsa, ayrı-ayrılıqda, ümumi yoxlama varsa, əvvəlki qaydada əlliliklə pensiyaya çıxanları tək-tək yenidən tibbi komissiyadan keçirmək lazım idi. Pensiyaları dayandırmadan. Şübhəli məqamlar ortaya çıxdıqdan sonra məhkəmə və ya komissiyanın rəyinə qədər konkret şəxslərin pensiyalarını dondurmaq olardı.

 

İqtidar mənsublarının və kadrlarının bacarıqsızlığına və rüşvətxor olmalarına görə sadə vətəndaşlar əziyyət çəkməməlidir. Hətta saxta əlillik pensiyası alan varsa, buna görə də hakimiyyət, o əlilliyi verən orqanlar, aidiatı nazirlik və kadrları məsuliyyət daşıyır.

 

Hakimiyyət bu sahəni də idarə etməyi bacarmırsa, bəlkə bütövlükdə Əhalinin Sosial Müdafiəsi nazirliyini versin ASAN xidmətə?”