“Qarabağ aksiyası”nın iştirakçıları şərti cəza alıblar

İyunun 14-də Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə 2020-ci il iyulun 14-də Azərbaycan ordusuna dəstək aksiyası zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesində hökm elan edilib.

 

Məhkəmənin hökmünə sasən Azərbaycan Xalq Cəbhəsi  Rəyasət Heyətinin üzvləri Məmməd İbrahim və Fuad Qəhrəmanlıya 3,5 ili sınaq müddəti olmaqla 4 il 1 ay 17 gün, Bəxtiyar İmanov və Ayaz Məhərrəmova 3 il sınaq müddəti olmaqla 3 il 7 ay 13 gün şərti cəza təyin olunub.

 

Qalan 8 nəfərə 2,5 il sınaq müddəti olmaqla 2,7 il şərti cəza təyin edilib.

 

Bu iş üzrə birinci qrupda – Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmov, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfər var.

 

İyunun 9-da dövlət ittihamçısı Məmməd İbrahim və Fuad Qəhrəmanlıya 4 il 6 ay, Ayaz Məhərrəmov və Bəxtiyar İmanova 4 il, digərlərinə isə 3 il 6 ay azadlıqdan şərti məhrumetmə cəzası istəyib.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 127 (qəsdən sağlamlığa az ağır zərər vurma) 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

 

Cinayət işi üzrə ümumilikdə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

 

Təqsirləndirilən şəxslərdən 16 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının, 2 nəfər Müsəlman Birliyi Hərəkatının, 1 nəfər Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.

 

2020-ci il iyulun 14-də Bakıda minlərlə adamın Ermənistan-Azərbaycan sərhəddində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

 

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

 

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çox sayda adam həbs edilib.