İcra nümayəndəsi şəhid ailəsinin torpağını zəbt edib?

 

Şəki rayonu, Fazil kənd sakini Fərhad Məmmədovun ailəsinə məxsus olan torpaq sahəsi icra nümayəndəsi tərəfindən zəbt edilib. Bu haqda Fazil Məmmədovun redaksiyamıza müraciətində bildirilir.

 

Fərhad Məmmədov bununla bağlı prokurorluq orqanlarına, Şəkinin icra başçısına və yerli deputat Cavanşir Feyziyevə müraciət etsə də, şikayətinə məhəl qoyulmadığını bildirir.

 

Fərhad Məmmədovun qardaşı Niymət Məmmədov Qarabağ  müharibəsində şəhid olub. Onun həyat yoldaşının da qardaşı müharibədə şəhid olub.

 

“Ailəmiz vətən yolunda  iki şəhid verib. Biz əlaqədar orqanlardan heç nə istəməmişik. İstəyimiz sadəcə odur ki, icra nümayəndəsinin özbaşınalığına son qoyulsun. Bizim 5,6 hektar torpaq sahəmiz olub. Bunun 1,3 hektarını bacımız satıb. Qalan torpaq isə İbrahimkənd ərazi icra nümayəndəsi İlqar Məmmədov tərəfindən zəbt edilib” – deyə şikayətçi bildirir.

 

Fərhad Məmmədovun sözlərinə görə, icra nümayəndəsi etdiyi şikayətlərə görə ona təzyiq göstərir.

 

“DOST agentliyi vasitəsilə iki aylıq işə girmişdim. Amma İcra nümayəndəsi elə etdi ki, mənə cəmi 21 manat maaş yazıldı. Bu adam nəinki şəhid ailəsi olmağımıza məhəl qoymur, əksinə şəhid qardaşım üçün dövlət tərəfindən 11 min manat təzminat ödənilərkən məndən rüsum adı altında 200 manat pul alıb. Bunu sübut edərəm. Mən prezident İlham Əliyevdən, Respublika Prokurorluundan xahiş edirəm ki, bu məsələni nəzarətə götürsün və bizə zülm edən icra nümayəndəsinin barəsində tədbir görülsün” – deyə, Fərhad Məmmədov imdad istəyib.

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.