ABŞ-Rusiya qarşıdurmasının əsas poliqonu – Almaniya

Kamran Cəfərov

 

ABŞ-Rusiya geosiyasi qarşıdurması gündən-günə dərinləşir. Bu qarşıdurmanın sonu artıq indi bəllidir, bu nə Putin üçün, nə Bayden üçün, nə də bizim üçün sirr deyil. Yaxınlaşan məğlubiyyətə baxmayaraq Vladimir Putin son nəfəsinə qədər mübarizə aparmaq niyyətindədir və bu mübarizədə SSRİ KGB-sinin dəst-xətti hiss olunur. Unutmayaq ki, Vladimir Putin KGB əməkdaşı olub və özü dediyi kimi: ”Keçmiş KGB əmkdaşı olmur”. Reallıq ondan ibarətdir ki, Rusiya ABŞ-la nə iqtisadi, nə hərbi, nə də siyasi səhnədə rəqabət apara bilməz, amma və lakin hər şey, heç də görsəndiyi kimi asan deyil. Qərbin gücü qərbin birliyidir. İqtiasdi(Aİ) və hərbi(NATO) birliyi. Bu mexanizm illərlə qurulurdu. Amma necə deyərlər bir zəncirin gücü zəif halqası qədərmiş və Putin bu zəif halqanı qırmaq istəyir. Söhbət Almaniyadan gedir.

 

 

Donald Trampın fantastik və bağışlanılmaz səhvləri nəticəsində ‘’Şimal Axını-2’’ qaz kəmərinin tikintisi 90%-dən(artıq 95%) çox tamamlanıb. Məsələ ondadır ki, ‘’Şimal Axını-2’’ Rusiyanın nəinki enerji, hətta (ən önəmlisi) siyasi layihəsidir. Bu layihəni həyata keçirə bilsə:

 

1. Qərbin birliyinə çox ağır zərbə vuracaq.

 

2. Avropanı asılı vəziyyətə qoyacaq.

 

3. Bundan istifadə edərək Rusiya Avropa ölkələrində rusiyapərəst qüvvələri hakimiyyətə gətirə biləcək.

 

 

Vladimir Putin həmişə başa düşürdü ki, Rusiya ABŞ-la nə iqtisadi, nə də hərbi sahədə rəqabət apara bilməz. Amma yuxarıda vurğuladığım kimi, Qərb vahid mexanizmdir(NATO konsepsiyasını oxuyun) və hər regionda həm hərbi, həm iqtisadi dayaq nöqtələri var. Putin kəşfiyyatçıdır və ölkənin siyasətini peşəsinə uyğun qurdu. Qərbin birliyini pozmaq üçün Vladimir Putin illərlə Avropa ölkələrin daxilində separatçı, populist, AB-nə qarşı çıxan qüvvələrə dəstək verirdi və hərdən bu alınırdı. Bu yaxınlarda İtaliyada rusiyapərəst ”Şimal Liqası” partiyası hakimiyyətdə idi(artıq deyil). Baxın onların konsepsiyasına, açıqca yazılıb ki, AB-dən uzaqlaşmaq lazımdır və s. Yəni Putin illərlə bu istiqamətdə işləyirdi və bu gün, Co Baydenin təzyiqlərini, geosiyasi səhnədə güc balansını nəzərə alaraq, Putinin bu siyasəti Rusiyaya uğur gətirmədi, bütün ölkələrdə Rusiyanın dayaqları çökür. Rusiyanın gücü tükənir və artıq bütün cəbhələrdə mübarizə aparıb, mövqelərini qoruya bilmir. Putin nə edir? Ən zəif halqanı seçib var gücü ilə ona zərbə endirmək istəyir, bu halqa Almaniyadır. Zəif halqa o demək deyil ki, Almaniya hərbi, və ya iqtisadi sahədə zəifdir, Almaniya Avropanın iqtisadi lokomotividir və bu danılmaz faktdır. Almaniyanın anti-Rusiya mövqeyi zəifdir, Rusiya ilə əməkdaşlıq etmək istəyən, ”Şimal Axını-2” layihəsini uğurlu hesab edən güclü qüvvələr var(iqtidarda), Putin bunu bilir və məhz bu nöqtəyə vurur. Hal-hazırda Putin Rusiyanın bütün sahələrdə gücünü səfərbər edib və Almaniyada seçki kampaniyasına təsir etmək istəyir. Həmin qüvvələri hakimiyyətdə saxlamaq istəyir. Bu günlərdə Vladimir Putinin məqaləsi Almaniyanın ”Die Zeit” nəşrində dərc olunub. Məqaləni şərh bölümündə oxuya bilərsiniz. Mən isə əsas tezisləri qeyd edəcəm. İlk növbədə məqalənin ilk cümləsini qeyd etməliyəm: ”Keçmişə baxmayaraq açıq olaq”. Bu məqalə 22 iyun 2021-ci ildə dərc olunur, Almaniyanın SSRİ-yə hücumundan 80 il sonra.

 

1. 1970-ci ildə SSRİ və Almaniya Federativ Respublikası arasında imzalanmış ”Əsrin Sazişi” qeyd olunur. Həmin müqaviləyə əsasən SSRİ AFR-ın köməyi ilə Avropaya qaz ixracını başlamışdır. Bu gün 1970-ci ilin ”Əsrin Sazişi”nin törəməsi ”Şimal Axını-2”dir.

 

2. Rusiya Almaniyanın düşməni deyil, dostudur.

 

3. Lissabondan Vladivostoka qədər uzanan ”Böyük Avropa” ideyası. (Bu halda bütün Avropa Rusiyadan asılı olacaq və ABŞ təsir gücünü itirəcək).

 

4. Rusiya Avropanın hissəsidir və avropalı həmkarlar Rusiyanın dostluq əlini qəbul etməlidirlər.

 

 

Fon bu idi, Putin mesajlarını verdi. Məsələ bu məqalə ilə bitmir, cəsuslar və kəşfiyyatçılarla dolu təyyarələr göndərilir Almaniyaya. Bu həddə çatıb ki, əks-kəşfiyyat idarəsinin rəhbəri bəyan etdi ki, İkinci Dünya müharibəsindən bəri Almaniya ərazisində kəşfiyyatların bu dərəcədə fəallığı müşahidə olunmayıb. Daha sonra Rusiyanın seçkilərə edə biləcək kiber müdaxilələr haqda xəbərlər verildi. 2 gün qabaq isə Almaniya hakimiyyəti Rusiya ilə nəqliyyat əlaqələri azaltdı. Soruşacaqsınız, niyə, Almaniya hakimiyyəti(XDİ/XSİ bloku) Rusiya ilə əməkdaşlığın tərəfdarıdır axı? Bu suala 2 cavab verəcəm:

 

1. 4 gün qabaq Blinken Merkellə görüşüb və çox güman ki, seçkilərə müdaxilə məsələsi çox ciddi müzakirə olunurdu.

 

2. Almaniya hakimiyyətinin daxilində də qarşıdurma var, ABŞ-la əməkdaşlığın tərəfdarları və rusiyapərəst yüksək vəzifəli məmurlar arasında qarşıdurma gedir. Yəni Almaniya hakimiyyəti də geosiyasi müstəvidə bir-birindən 180 dərəcədə fərqlənən qərarlar verə bilir.

 

 

Nəqliyyat əlaqələrin azaltmasının səbəbi kimi pandeniya göstərilib, amma bu elə deyil. Əsas səbəb yuxarıda vurğuladığım kimi Rusiya kəşfiyyatının Almaniyada fəallaşmasıdır.

 

 

Almaniyanı ələ almaq Putinin xilas planıdır, son döyüşüdür, va-bank oynayır, ona görə ki, heç nəyi qalmayıb. Qeyd-şərtsiz Putin son döyüşünü də uduzacaq və bununla da məsələ bitəcək. Bu qələbə 2 cür ola bilər, ya Yaşıllılar qələbə qazanacaq, ya da XDİ/XSİ blokun daxilində ciddi təmizlik işləri gedəcək və blok öz xarici siyasi kursunu dəyişdirəcək.