Tovuz döyüşləri səngidi, amma bitmədi… Təhlil

Ərəstun Oruclu, ekspert

Təəssüf ki, cəmiyyət olaraq bütün məsələlərdə hisslərə qapılmağa meylliyik və bundan da məharətlə istifadə olunmasına rəvac veririk. Ümid edirəm, indi emosiyalar bir qədər səngiyib və bəzi subyektiv fikirlərimi sizlərlə bölüşə bilərəm.

.

Anlayıram ki, hər kəsin zövqünü oxşamayacaq, amma bunu heç hədəfləmirəm də, sadəcə xəbərdarlıq və tarıx üçün yazıram. Bu gün yazılanlar, deyilənlər sabah artıq tarix olur. Tarixdən isə dərs öyrənmək lazımdır və bu dərsi öyrənə bilməyənlər onu təkrar keçməyə ən yaxşı halda məcburdur. Pis halda isə məhkum.

Beləliklə, böyük regional qarşıdurmanın ilk açıq əlamətlərindən olan Tovuz döyüşləri səngidi. Səngidi, amma bitmədi və təəssüf ki, hələ davamı olacaq, çünki dediyim kimi, böyük qarşıdurmaya artıq start verilib. Sadəcə bu dəfə regionda qarşı-qarşıya duran tərəflər ənənəvi Rusiya-Qərb formatı deyil, Rusiya-Türkiyədir.

.

Tovuz döyüşləri bizə ağır itkilər bahasına başa gəldi – xeyli insan itirdik, Allah hamısına rəhmət eləsin. 2016-cı ilin aprel döyüşlərindəki itkilərimiz isə bundan 10 dəfə çox olmuşdu. Amma yəqin həmin döyüşlərin ardınca nələrin baş verdiyi hamının da olmasa, bir çoxumuzun yadındadır.

.

Hərbi prokurorluğun başlatdığı bədnam “Tərtər işi”ni nəzərdə tuturam. Həmin işi dərindən araşdırmış biri olaraq, məcburam onun haqqında bəzi faktları bir daha xatırladım: o zaman Ermənistan kəşfiyyatına işləmək saxta ittihamı ilə Azərbaycan ordusunun xeyli sayda hərbçisinə və mülki şəxsə divan tutuldu.

.

Saxta ittihama məruz qalanların mütləq əksəriyyəti aprel döyüşlərində ön cəbhədə olmuş Tərtər qarnizonunun hərbçiləri idi. İşgəncələr nəticəsində 14 nəfər qətlə yetirildi, 200-dən çox insan qeyri-insani işgəncələr nəticəsində aldığı fiziki və psixi travmalardan ordu sıralarından tərxis olundu.

.

Məsələ bununla da bitmədi, çünki orduya qarşı həmin irimiqyaslı xəyanətkarlığı görən min nəfərədək hərbçimiz düşmən dövlətə xidmət etmək saxta ittihamı ilə üzləşə bilmək qorxusundan ordu sıralarını tərk elədi. Bu, Azərbaycan Ordusuna vurulmuş ən ağır zərbə idi və həmin cinayəti törədənlər bu gün də vəzifələrdədir.

.

Bu gün onlar təkcə vəzifələrdə deyillər, həm də dövlət başçısı tərəfindən mükafatlandırılıblar: saxta ittihamın müəllifi Xanlar Vəliyev yeni müddətə AR Hərbi Prokuroru təyin olunub, işgəncələrə birbaşa rəhbərlik eləmiş Ramil Əsgərov isə (Nəcməddin Sadıkovun bacısı oğlu) general-mayor hərbi rütbəsi alıb.Bu da o deməkdir ki, həmin çirkin əməllərin davam edəcəyi istisna deyil. Təəssüf ki, buna rəvac verən ictimai rəyə təsir də öz işindədir. Cəsur generalımız Polad Həşimovun şəhid olmasına bəzi reaksiyaları nəzərdə tuturam. İndi çoxları xəyanətdən yazır, danışır və bu, ictimai rəyə dərindən nüfuz edir.

.

Burdan da məntiqi bir sual ortaya çıxır: saxta “Tərtər işi” yaradanların bu imkandan da yararlanmayacağına əminikmi? Mən əmin deyiləm, elə ona görə də bu, yazıya ehtiyac duydum. Qoy oxusunlar, görsünlər ki, onların çirkin niyyətlərini izləyən və anlayanlar da var. Bilirəm ki, izləyirlər. Odur ki, oxusunlar.

.

Bu arada, istefada olan digər bir general, keçmiş korpus komandiri Yaşar Aydəmirov dünən açıqlama verərək, Polad Həşimovun halak olmasında xəyanətlə bağlı fikirlərinin media tərəfindən təhrif olunduğunu bildirib. Görünür, təcrübəli general da anlayır ki, daxili düşmən onun fikirlərindən də yararlana bilər.

.

Demək istədiyim odur ki, gəlin, xəyanət məsələsində hissə qapılmayaq və düşmənə (orduya qarşı cinayət törədənin başqa adı yoxdur) rəvac verməyək ki, bundan öz məkrli məqsədləri üçün istifadə edib, yenə də günahsız hərbçilərmizə divan tutsun. Başqa sözlərlə, bu dəfə də “Tovuz işi” ilə üzləşməyək.

.

Təxminən bir il bundan əvvəl pilotumuz Rəşad Atakişiyevin idarə etdiyi MİQ-29 təyyarəsinin qəzaya uğraması (bunu heç zaman qəza hesab etməmişəm) ilə bağlı AR Hərbi Prokurorluğu AR CM-nin 342.2 maddəsi ilə cinayət işi açmışdi. Onda şərhdə paylaşdığım bloq yazım olmuşdu. İstəyən oxuya bilər.

.

Qısaca deyim ki, CM-nin 342.2 maddəsi vəzifə səhlənkarlığına görə tətbiq olunur. Həmin yazıda bunun Hərbi-Hava Qüvvələri komandanlığının hədəfə almaq məqsədi güddüyünü yazmışdım. Məhz həmin yazıya təcili reaksiya verən MN təyyarənin quş sürüsü ilə toqquşduğu haqda sərsəm açıqlama yaydı.Tutaq ki, mən səhv edirəm, yanılıram, satqınam, xainəm və s., amma sual olunur ki, həmin cinayət işinin nəticəsi hanı? Bir il keçib axı həmin vaxtdan. Nəticəsi olmadı və ola da bilməzdi, çünki məkrli plan artıq ifşa olunmuşdu və bu da azmış kimi, üstəlik MN öz açıqlaması ilə “quş sürüsü buraxmışdı”.

.

Son olaraq, bu günlərdə Hava Hücumundan Müdafiə komandanı, general-leytenant Ramiz Tahirov və Naxçıvan korpusunun komandiri, general-polkovnik Kərəm Mustafayev Ankaraya səfər edərək, Türkiyənin Milli Müdafiə Nazirli ilə görüşüblər. Görüşdə hərbi əməkdaşlıq müzakirə olunub.

.

Ardınca həmin iki general hansısa formada təhdidlərə məruz qalsa, təəccüblənmək lazım deyil. Bunu mən demirəm, acınacaqlı təcrübə deyir.

.

Naxçıvanla bağlı isə ayrıca yazacağam. Ermənilərin 1 ildir Qars müqaviləsinin müddətinin guya bitməsilə bağlı hay-küyünə barmaqarası baxmayaq. Belə şeylər təsadüfdən olmur.

.

Yazı Ərəstun Oruclunun feysbuk səhifəsindən götürülüb, müəllifin fikirlərini əks etdirir və “Basta”nın mövqeyi ilə üst-üstə düşməyə bilər.

Basta