Urmu həbsxanasında üç məhbus edam edilib
Edam hökmü avqustun 2-i, səhər saatlarında icra edilib.
İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Urmu həbsxanasında üç məhkum edam edilib. Edam hökmü avqustun 2-i, səhər saatlarında icra edilib.
Avqustun 1-i, bazar günü hökmün icrasından öncə təkadamlıq kameralara köçürülən məhbuslar Sepehr Abbasnəjad Beygzadə, İskəndər Zare və Həmzə Rzayi uyuşdurucu maddələrin alverində günahlandırılaraq edam cəzasına məhkum edilmişdilər.
Beynəlxalq Əfv Təşkilatının yayınladığı son hesabatda bildirilir ki, 2020-ci ildə İranda ən azı 246 nəfər edam olunub.
Edamların dəqiq sayı bilinməyən Çin Xalq Respublikası nəzərə alınmasa İran dünyada edam sayına görə birinci yerdədir.
İranda edam olunanların dəqiq sayı mətbuatda açıqlanmır. Bir sıra edamlar gizli şəkildə həyata keçirilir və bu barədə edam olunan şəxslərin ailələri məlumata verməmələri üçün təhdid olunur.
İnsan haqları təşkilatları rəsmi şəkildə və mətbuatda açıqlanmayan edamlara gizli edam adı veriblər. Beynəlxalq təşkilatlara görə, İran hökuməti gizli edamların sayına görə də dünyada ilk yerdədir.
Gunaz.tv