“Yoluxmada artımın bu şəkildə davam etməsi narahatlıq yaradır”
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 736 yeni yoluxma faktı qeydə alınıb, 435 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından 12 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 354 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 771 nəfər müalicə olunaraq sağalıb, 5 084 nəfər vəfat edib, aktiv xəstə sayı 13 807 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 081, ötən müddət ərzində isə ümumilikdə 4 133 796 test aparılıb.
“Karantin rejiminin yumşaldılması, xüsusilə toyların keçirilməsinə icazə verilməsi, restoran və ticarət obyektlərinin, metronun açılması və digər yumşalma tədbirləri əhalidə müəyyən arxayınlıq yaratdı və nəticədə bu gün yoluxmaların sayında xeyli artım müşahidə olunmaqdadır. Yoluxma sayında artımın bu şəkildə davam etməsi narahatlıq yaradır”.
Bunu Trend-ə TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.
A.Qurbanov bildirib ki, yumşalma tədbirlərindən sonra insanlar arasında təmaslar artdı və təəssüf ki, pandemiya qaydalarına tam əməl olunmadığı üçün yoluxmaların da sayı artdı:
“Bu onu göstərir ki, bir qədər ehtiyatlı olmalıyıq, vaksinasiya prosesində daha aktiv iştirak etməliyik. Düzdür, insanların müəyyən qismi vaksinasiya olunub, bir qismi isə xəstəliyi keçirib, ancaq nəzərə almaq lazımdır ki, vaksinasiya olunmayan, virusa yoluxmayanların da sayı çoxdur. Ona görə də hazırda yoluxmanın artması fonunda qorunma tədbirlərinə əməl etməyimiz vacibdir.
Yoluxmaların sayında artım eyni zamanda onu göstərir ki, hələ də əhali arasında virusa qarşı kütləvi immun formalaşmayıb. Ona görə də qorunma qaydalarına ciddi əməl olunmalıdır. İkinci tərəfdən bizim bir yolumuz var, vaksinasiya. Vaksinasiya olunmayanlar hökmən peyvənd vurdurmalıdır. Hamımız vaksinasiya olunsaq, onda yoluxma sayları bizi o qədər də narahat etməyəcək”.
A.Qurbanov bildirib ki, pandemiya hələ bitməyib: “Azərbaycanda vəziyyətin nisbətən əlverişli olması dövlət tərəfindən görülən tədbirlərin nəticəsidir. Qonşu ölkələrdə nələr baş verdiyini hər kəs yaxşı görür, yəni yoluxma sayları həddən artıq çoxdur. Azərbaycanda da yoluxma saylarında artımın bu şəkildə davam etməsi artıq narahatlıq yaradır. Normal həyata qayıtmaq, yenidən sərt qaydaların tətbiq olunmamasını istəyiriksə, onda gərək ehtiyatlı olaq, hamımız vaksinasiyada iştirak edək”.