Müsavat başqanından İlham Əliyevə sərt cavab
İlham Əliyev Kəlbəcərdə yenə öz ampluasında idi.
Əslində öz atasının, özünün hakimiyyətinin portretini çəkərək zaman-zaman AXC- Müsavat hakimiyyətinin ünvanına səsləndirdiyi yalan və böhtanları təkrar etdi.
Yalan min dəfə təkrar olunsa da həqiqətə çevrilmir.
Həqiqət isə ondan ibarətdir ki, Azərbaycanda rüşvət və korrupsiyanın banisi də, Moskvaya köləlik siyasətinin simvolu da H.Əliyevdir.
Bakı şəhərində Şaumyana, XI Qızıl Orduya abidələri də H.Əliyev ucaldıb.
Keçmiş DQMV-nin dirçəlməsi və yüksəlişi dövrü də H.Əliyevin l katib olduğu zamana aiddir…
🔹🔹🔹
Şuşa, Laçın və Kəlbəcərin işğal olunmasında hakimiyyət uğrunda mübarizənin də rolu olub. Amma bu mübarizəni biz yox, yaş senzinin ləğv olunması tələbi ilə fasiləsiz mitinq keçirən, hərbi və digər sahələrdə daim təxribatlar törədən əliyevçilər aparırdı.
Ərazilərimizin işğalında satqınlığın da rolu olub. Amma Xocalının, Şuşanın işğalı ərəfəsində Ter-Petrosyanla separat müqaviləni biz bağlamamışıq, Şuşanı təhvil verən Orucova general rütbəsini də biz verməmişik.
Biz, AXC-Müsavat təmsilçiləri özümüz, qardaşlarımız da daxil olmaqla Şuşa uğrunda, Laçın uğrunda vuruşanda, Ramiz Qəmbərov, Allahverdi Bağırov, Tofiq Oğuz kimi qəhrəmanlarımız və minlərlə başqa üzvlərimiz ərazilərimiz uğrunda döyüşlərdə şəhid olanda əliyevçilər Bakıda piketlər keçirməklə, Moskvada, Türkiyədə ticarətlə, elə II Qarabağ müharibəsində olduğu kimi övladlarını hərbi xidmətdən, müharibədən yayındırmaqla məşğul idi.
🔹🔹🔹
AXC-Müsavat hakimiyyəti 92-ci ilin yayında keçmiş Şaumyan kənd rayonunu, Ağdərəni, keçmiş DQMV ərazisinin 50% dən çoxunu azad etmişdi.
Əgər o dövrdə mövcud olan müxalifət də II Qarabağ müharibəsi dövründə bizim davrandığımız kimi davransa müharibə elə zaman başa çatacaq, Azərbaycan qısa müddətdə möhtəşəm inkişaf yolu keçəcəkdi.
Amma buna yol vermədilər.
Çünki, belə olsa Qarabağ problemi həll ediləcək, Azərbaycan Rusiyanın köləliyindən, İranın təsiri altından çıxacaq, Türkiyə ilə, Azad Dünya ilə qardaşlaşacaq, başlıcası isə H.Əliyevin hakimiyyətə gedən yolu bağlanacaqdı…
🔹🔹🔹
İlham Əliyev əslində gənclərin tarixi həqiqətləri bilməməsindən yox, deyilən yalanlara inanmamasından narahatdır.
Qorxunun əcələ dəxli olmadığı kimi, bu məsələdə də narahatlığın faydası yoxdur.
Çünki, çoxları repressiya mühitinə görə sussa da hər kəs öz daxilində həqiqəti, kimim haqlı kimin haqsız olduğunu yaxşı bilir.
Siyasi konyukturaya görə tarixin təhrif olunması tarixi həqiqətləri dəyişdirmir.
Böyük M.Ə.Rəsulzadənin dediyi kimi, bir gün həqiqət parıldayacaq.
Buna heç bir şübhəniz olmasın!
Yazı Müsavat Partiyasının başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.