Ermənistan atışmada 4 hərbçinin öldüyünü iddia edir, Azərbaycan təkzib edir
Azərbaycan və Ermənistan sərhədində dünən axşam saatlarında baş verən atışma nəticəsində 1 erməni hərbçi ölüb. Ermənistan 3 Azərbaycan hərbçisinin öldüyünü və birinin yaralandığını iddia edir. Azərbaycan “itkilərin olmadığını” bildirir.
Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, avqustun 16-sı, saat 19:55-dən 20:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvanın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Qurum bildirib ki, Kəlbəcər rayonunun Yellicə və Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan mövqeləri saat 21:20-dək qarşı tərəfin Basarkeçər rayonunun Aşağı və Yuxarı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutulub.
“Bundan əlavə, saat 21:35-dən 22:28-dək qarşı tərəf Çəmbərək rayonunun Ləzgiqaya və Basarkeçər rayonunun Göysu yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı və Qalakənd yaşayış məntəqələrindəki mövqelərini atıcı silahlardan atəşə tutub”, – məlumatda deyilir.
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun şəxsi heyəti arasında “itkinin olmadığını” bildirib.
Ermənistan Müdafiə Nazirliyi isə dünən saat 18:10 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin avqustun müxtəlif çaplı silahdan Ermənistan-Azərbaycan sərhədinin Geğarkunik vilayəti istiqamətində “erməni mövqelərini atəşə tutduğunu” bildirib.
“Şiddətli atışma nəticəsində yaralanmış Ermənistan Silahlı Qüvvələrinin 2002-ci il təvəllüdlü hərbçisi, sıravi Arman Hovhannisyan həlak olub”, – məlumatda deyilir.
Ermənistan MN Azərbaycan tərəfindən üç hərbçinin öldüyünü, birinin xəsarət aldığını iddia edib.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yaydığı məlumatı “yalan” adlandırıb.
Daha sonra Ermənistan İnsan Haqları Müdafiəçisi Arman Tatoyan bölgə sakinlərindən aldığı məlumatlara istinadən, Facebook hesabında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Geğarkunik vilayəti Kut və Norabak kəndlərinin “şiddətli atəşə tutulduğunu” yazıb.
“Əhali sığınmaq üçün yer tapmağa çalışır”, – mlumatda deyilir.
Saat 23:00 radələrində Arman Tatoyan Facebook səhifəsində qeyd edib ki, Azərbaycan SQ bölmələri tərəfindən “hazırkı anda Sotk dağ keçidi atəşə tutulur”.
Ombudsman “Sotk qızıl mədənini müntəzəm olaraq atəşə məruz qoyan” Azərbaycan qüvvələrinin “Ermənistanın Geğarkunik vilayəti Geğamasar kəndinə məxsus ərazisində” yerləşdiyini qeyd edir.
Azərbaycan Müdafiə Nazirliyi açıqlamasında Azərbaycan Ordusunun hərbi qulluqçularının “beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmadığını” bildirib.
Qurum bunun əksi barədə iddiaların “həqiqətə uyğun olmadığını” qeyd edib.