Ermənistan Zod qızıl mədənindəki işçiləri təxliyə etdi

vqustun 17-də Azərbaycan silahlı qüvvələrinin Naxçıvanın Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsindəki bölmələri Ermənistan ərazisindən atəşə tutulub.

 

Müdafiə Nazirliyinin məlumatına görə, eyni zamanda Kəlbəcərlə Ermənistanın Geqarkunik vilayətinin sərhəddindən atışma olub, Azərbaycan tərəfdən itki yoxdur.

 

Zod qızıl mədəninin 200 -ə yaxın işçisi təhlükəsizlik səbəbiylə təxliyə edilir.

 

Bu barədə Sputnik Ermənistana “GeoProMining Gold Armenia” şirkətinin nümayəndəsi Ruzanna Qriqoryan məlumat verib: “İndi mədəndə atəş səsləri eşidilir və bununla əlaqədar işçilərin təxliyə edilməsi qərara alındı”.

 

Qriqoryan onu da əlavə edib ki, vəziyyət sabitləşəndə ​​mədən işini bərpa edəcək. Qeyd edək ki, artıq iki gündür ki, Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyət davam edir. Ermənistan Müdafiə Nazirliyi atışma nəticəsində iki əsgərinin həlak olduğunu açıqlayıb.

 

Qeyd edək ki, Kəlbəcərdəki Zod qızıl yatağının 70 faizi Azərbaycanın ərazisinə düşür. Kəlbəcər rayonu işğal altında olarkən qızıl yatağını Ermənistan və Rusiyanın müştərək şirkətləri istismar edib.

 

Ölkə başçısı İlham Əliyev torpaqların işğalı dövründə Azərbaycanın təbii sərvətlərini çıxarmaqda iştirak edən xarici şirkətlərin beynəlxalq məhkəməyə veriləcəyini deyib: “Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Artıq məhkəmə prosedurları başlamışdır. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır. Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi. O şirkətlər bilmirdilər ki, bu, Azərbaycan torpağıdır? Bilirdilər! Amma buna məhəl qoymurdular. İndi cavab verəcəklər. Biz demişik, əgər istəmirlərsə ki, biz onları dünya miqyasında biabır edək, gəlsinlər, vurulmuş ziyanı bizə ödəsinlər, təzminat ödəsinlər və ondan sonra rahat yaşaya bilərlər”.

 

Basta