40 il əvvəl bizim vəziyyətimizdəydilər – Şərh
Anar Məmmədli
Talibanın sözçüləri iki gündür mediada “yumşaq” açıqlamalar verirlər. Arada dünyanı çaşdıraraq deyirlər ki, qadınlarla rəftar “şəriət qanunları” çərçivəsində olacaq. Amma söhbətin hansı şəriətdən getdiyinə aydınlıq gətirmirlər. Deyəsən, Talibanın yaxın məqsədi sonuncu ABŞ əsgəri Əfqanıstanı tərk edənədək, mediada yumşaq görünməkdir. Nə isə, sentyabradək Talibanın vizyonu bizə tam bəlli olacaq.
Dünən ABŞ prezidenti Co Bayden əfqanların siyasi liderlərinə minnət qoyan açıqlama verdi. Onları iradəsizlikdə ittiham etdi. Doğrudur, ABŞ son 20 ildə Əfqanıstana böyük yardımlar edib. Məsələn, minlərlə əfqan gəncin təhsil almasına, yeni bir nəsilin insan hüquq və azadlıqlarına hörmət ruhunda böyüməsinə dəstək verib. Amma ABŞ orda olduğu 20 il ərzində legitim siyasi hakimiyyətin formalaşmasına tutarlı və qəti mövqe göstərməyib. İlk gündən düşünüblər ki, iqtidardakı paştun etnik kimliyinin təmsilçiləri Talibanla rahat dil tapacaq, taciklərin, hazarların siyasi iqtidarda çoxluğu isə Talibana paştunlar arasında rəğbəti artıracaq. Amma Taliban daha ağıllı xətt tutdu – son 20 ildə taciklər, özbəklər və hazarlar arasında da liderlər yetişidirib ortaya çıxardı.
Bir məsələni unutmayaq ki, ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsi mövzusunda Demokratlar partiyasında yekdil mövqe olmayıb. Zaman keçdikcə bu ölkələrdən ABŞ qoşunlarının çıxarılması aktuallaşıb. Məsələn. Əfqanıstandan qoşunlarının çıxarılmasının anonsunu Bayden 2009-ci ildə vitse-prezident seçildikdən sonra vermişdi. Amma Talibanla razılaşma Donald Trampın dönəmində əldə olundu. Hazırda Baydenə qarşı qınaqlar qoşunları çıxardığına görə deyil, bu prosesin xaotik və təhlükəli şəkildə təşkil olunmasina yönəlib.
İndi bu prosesi heyrətlə izləyənlərə elə gəlir ki, ABŞ-ın hansısa başqa planı və ya niyyəti var. Məncə Bayden adminstrasiyasının ən böyük niyyəti öz qoşunlarını sağ-salamat evə gətirmək, Əfqanıstanda yerli siyasi qüvvələr arasında hər hansı razılaşma və ya kəskin qarşıdurma olarsa, kursunu buna görə müəyyən etməkdir. Yaxın 2-3 həftəyə bu qeyri-müəyyənlik aradan qalxa bilər.
Ötən 20 ildə bir xeyli dost-tanış və ekspertlə ABŞ-ın İraqa və Əfqanıstana hərbi müdaxiləsinin yanlış olması barədə mübahisə etmişəm. İndi bu müdaxilədən hamının dərs çıxarmalı olduğu faktorlar var:
1) İrqadakı avtoritar rejimi kənardan hərbi müdaxilə ilə dəyişməzdən öncə həmin rejimin ciddi siyasi alternativi formalaşmalı idi. Əgər Səddamın gedişi siyasi boşluq yaradıb etnik və ya dini qarşıdurmaya rəvac verəcəkdisə, bunun yaradacağı humanitar fəlakət nəzərə alınmalı, alternativ yollar düşünülməli idi.
2) Əfqanıstanda vətəndaş müharibəsinin getdiyi bir zamanda ABŞ-ın hərbi müdaxiləsi Talibanın nüfuzunu daha da artırdı, ona könüllü qoşulanların da sayı çoxaldı. Çünki ABŞ yabançı idi, əfqanlara ingilisləri və rusları xatırladırdı. ABŞ və müttəfqilərinin orda varlığı millətçilik, ümmətçilik və vətənpərvərlik duyğularını da gücləndirirdi. Amma ABŞ və müttəfiqləri müdaxilə əvəzinə Əfqanıstandakı Şimal Alyansına kənardan hərbi-siyasi-texniki dəstək versəydi, nə milyardlarla dollar, nə də hərbi qulluqçularını itirərdi.
Son olaraq, sosial şəbəkələrdə bəzi azərbaycanlıların Əfqanıstana reaksiyalarına toxunmaq istərdim. Bir qrup yoldaş bu olayları izləyib günümüzə şükür edir. Bizdəki siyasi rejimi daha mütərəqqi sayaraq, özünə təskinlik verir. Amma unduruq ki, 40-50 il əvvəl elə Əfqanıstanda da bizdəki kimi dünyəvi-avtoritar rejim mövcud idi. Və heç kimin ağlına gəlmirdi ki, ölkədəki sosial ədalətsizlik, siyasi repressiyalar, tək adam rejimi dini icmaların fəallaşmasına səbəb olacaq. Bir az yaxşı düşünüb İran və Əfqanıstanla paralellər aparsaq görərik ki, onların aqibətindən biz də sığortalanmamışıq.