“Sentyabrın 15-də məktəblərdə ənənəvi qaydada dərslərə başlanması nəzərdə tutulur”
Sentyabrın 15-də məktəblərdə ənənəvi qaydada dərslərə başlanması nəzərdə tutulur, – Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O, Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı bildirib ki, sentyabrın əvvəlində epidemioloji vəziyyətdən asılı olaraq bu məsələyə baxıla bilər.
Şahmar Mövsümov əlavə edib ki, Bağçalarda və məktəblərdə övladları təhsil alan valideynlərdən “vaksinasiya tələb olunmur”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Yaqut Qarayeva deyib ki, uşaqların vaksinasiyası ilə bağlı bəzi ölkələrdə araşdırılma aparılsa da, Azərbaycanda bu işə başlanılmayıb və bu, “hələ ki, düşünülmür”.
“Ölənlərin 1 faizi vaksin olunanlardır”
COVİD-19 virusundan vəfat edənlərin 99 faizi vaksin olunmayan vətəndaşlardır – Yaqut Qarayeva bildirib.
O söyləyib ki, mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiyaya düşənlərin 96 faizi peyvənd olunmayan insanlardır.
“Süni nəfəs aparatına qoşulanların 97 faizi də vaksinasiya olunmayanlar olub. Vəfat edənlərin 99 faizinin vaksin olunmaması aşkarlanıb”.
Yaqut Qarayeva deyib ki, son günlər Azərbaycanda yoluxma sayında “kəskin artım” müşahidə edilir.
“Bu gün 23 % yoluxma əmsalı görürük. Avqustun 1-də isə bu rəqəm 7 % idi. 20 gün ərzində çox ciddi artım müşahidə edilib”, – o qeyd edib.
TƏBİB rəsmisi söyləyib ki, Azərbaycanda vaksinasiya olunan şəxslərin 0,6 faizində “yoluxma, ağırlaşma müşahidə olunub”.
Onun sözlərinə görə, əhalinin 24 faizi vaksinasiya olunub.
“Azərbaycanda təkrar yoluxma faizi çox aşağıdır”, – TƏBİB rəsmisi əlavə edib.
Yaqut Qarayeva bildirib ki, hazırda Azərbaycanda 18 pandemiya xəstəxanası fəaliyyət göstərir.
Şahmar Mövsümov qeyd edib ki, Delta ştammı ilə bağlı aparılan son tədqiqatlar Azərbaycanda yayılan ştamın “94 faiz Delta ştamı olduğunu” göstərir.
“Bunun da digər ştamlardan fərqi digərləri ilə müqayisədə daha yoluxdurucu olmasıdır”, – o əlavə edib.
Karantin rejimi sərtləşdiriləcəkmi?
“Bu gün hər hansı sərtləşməyə getməyə ehtiyac yoxdur”, – Prezidentin köməkçisi Şahmar Mövsumov deyib.
Onun sözlərinə görə, hazırda xəstələnənlərin öhdəsindən gələ bilinir: “Əgər biz hiss etsək ki, həkimlər çatdıra bilmir, o zaman növbəti addımlarda sərtləşmə müzakirə oluna bilər”.
ASAN Xidmətin sədri Ülvi Mehdiyev söyləyib ki, qurum COVİD pasportundan istifadə ilə bağlı xüsusi mobil tətbiq yaradılıb.
O bildirib ki, COVİD pasportunu vətəndaşlar həm e-təbib mobil tətbiqindən, həm də my.gov.az-dan əldə edə bilərlər.
Xaricdən alınan COVİD-19 pasportu Azərbaycanda tanınırmı?
Şahmar Mövsümov bildirib ki, xaricdə vaksinasiya olunan vətəndaşlar COVID-19 pasportunun Azərbaycanda tanınması üçün Səhiyyə Nazirliyinin “9301” qaynar xəttinə müraciət etməli və sənədlərini təqdim etməlidirlər.
“Səhiyyə Nazirliyi də buna baxacaq, əgər uyğundursa, doğrudursa və saxta deyilsə, sistemə daxil ediləcək”, – o əlavə edib.
Həftəsonu nəqliyyat
Şahmar Mövsümov bildirib ki, həftəsonu nəqiyyatın məhdudlaşdırılmasının səbəbi “aktivliyi aşağı salmaqdır”.
Onun sözlərinə görə, həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı “müzakirə aparılmır”.
Teatr və kinoteatrlar açılacaqmı?
Şahmar Mövsumov bildirib ki, “teatr və kinoteatrların fəaliyyəti hələ ki, məhduddur”.
Cənab Mövsumov qeyd edib ki, epidemioloji vəziyyət imkan verərsə, bu müəssisələrin fəaliyyət göstərməsi “müzakirə ediə bilər”.