Rusiyada seçkilər: hakim partiya nüfuzunu itirir
19 iyun tarixində Vladimir Putin 19 sentyabrda keçirilən parlament seçkilərində ”Vahid Rusiya” partiyasını təmsil edən ilk beşliyi açıqladı. Siyahıya Rusiyanın müdafiə naziri Sergey Şoyqu başçılıq edir. ”Vahid Rusiya” partiyasının 20-ci toplantısında(19 iyun) ilk beşlik haqda Putin deyir: ”Fikrimcə, bu siyahıda, ilk beşlikdə, həm uzun müddət siyasətlə məşğul olan insanlar, onlara adətən siyasi ağır çəkililər deyirik, həm də siyasətdə nisbətən yeni insanlar olmalıdır”.
Ağır çəkililər sözünün altında Putin siyahının 1-ci (Sergey Şoyqu) və 2-ci(Sergey Lavrov) nömrələrini nəzərdə tutur. Siyahıda qalan 3 şəxsin adları nəinki məni, bütün Rusiyanı da təəccübləndirdi. Denis Protsenko(həkim, Moskva ş. 40 nömrəli xəstəxananın baş həkimi), Anna Kuznetsova (Prezidentin uşaq haqları üzrə səlahiyyətlisi) və Yelena Şmelyova(Ümumrusiya Xalq Cəbhəsinin həmsədridir. ÜXC Putin tərəfindən yaradılmış təşkilardır. Guya korrupsiya ilə mübarizə və vətəndaşların rifahının artırılması məqsədilə fəaliyyət göstərir).
Hakimiyyətin daxilində əlbəttə ki, həm Şoyqu, həm də Lavrov nüfuza və böyük gücə malikdirlər, Putin demişkən, Rusiya siyasətinin ağır çəkililəridir. Bəs xalq arasında Şoyqu və Lavrov siyasi nüfuza malikdirlərmi?
İyulda ”Levada Mərkəzi”nin keçirtdiyi sorğuya görə, Rusiya vətəndaşlarının 11%-i Şoyquya, 10%-i isə Lavrova etibar edir. Xalqın ”Vahid Rusiya” partiyasının nümayəndələrinə nifrəti o həddə çatıb ki, partiyanın qərargahından bəzi namizədlərə, namizəd olduqları regionlarda görsənməyə qadağan olunub.
”Levada Mərkəzi”nin sorğularına görə iyunun sonunda Rusiya vətəndaşlarının 30.6%-i parlament seçkilərində ”Vahid Rusiya” partiyasına səs verəcəklər, iyulun sonunda bu rəqəm artıq 27.2% idi və reytinq gündən-günə enir.
Bu seçkilər qabağı ümumi durumdur.
Məsələnin bir tərəfi ondan ibarətdir ki, Şoyqu hakimiyyət daxilində klanlar arasında mübarizədə qələbə qazanaraq ”Vahid Rusiya” partiyasının başına keçir. Ən azı biz bunu Azərbaycan-Rusiya münasibətlərində görürük, Əliyev heç vaxt Putinə qarşı mövqe qoymazdı, amma indi Rusiyaya qarşı mövqe qoyur, ona görə ki, Putin artıq Rusiya deyil. Partiyanın 20-ci toplantısından sonra Şoyqu səlahiyyətində kənar(sanki artıq prezidentdir) bir neçə bəyanat verib. Əsas məsələ isə ondan ibarətdir ki, seçkilərə 1 ay qalmış Şoyquya qarşı ölkənin daxilində və xaricində böyük hücumlar başlayır…
Kamran Cəfərov