Müsavatçılar Elçibəyi andı

Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatından 21 il keçir.

 

Hər il bu tarix Elçibəyin anım günü kimi qeyd olunur. Bu münasibətlə Elçibəyin siyasi mübarizə yoldaşları və yaxınları onun Fəxri Xiyabandakı abidəsi önündə anım mərasimi keçirir.

 

Bu gün Müsavat Partiyasının rəhbərliyi və bir qrup üzvü Elçibəyin məzarını ziyarət edib. Elçibəyin məzarına gül dəstələri qoyulub, ruhuna dua oxunub. Tədbirdə Müsavatın keçmiş başqanı, MSDM-in sədri İsa Qəmbər çıxış edərək, milli-azadlıq hərəkatında Elçibəyin rolu və xidmətləri haqda danışıb.

 

 

Müsavat başqanı Arif Hacılı Zaqatalada olduğu üçün tədbirə qatılmayıb. O, özünün feysbuk səhifəsində Elçibəyin anım günü ilə bağlı status paylaşıb: “Bu gün Əbülfəz Elçibəyin vəfatından 21 il ötür…
Əbülfəz Elçibəy fiziki şəxs olaraq hərəkat rəhbəri, siyasət və dövlət xadimi, Azərbaycanın xalqının iradəsi ilə seçilən ilk prezidentidirsə, mənəvi dəyər olaraq XX əsrin sonunda istiqlal məfkurəsinin,
azadlıq və demokratiya uğrunda mübarizənin, 50 milyonluq Azərbaycan xalqının milli vəhdət simvoludur.
Xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin!”

 

 

Əbülfəz  Elçibəy  1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub.

 

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Azərbaycanda başlayan xalq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ilk sədri olub.

 

1992-ci ildə prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan qiyam nəticəsində Bakını tərk edərək Kələkiyə gedib. Milli Məclisin qərarı ilə səlahiyyətləri ləğv edilən Əbülfəz Elçibəy fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri və Demokratik Konqresin sədri kimi davam etdirib.

 

Uzun sürən ağır xəstəlikdən sonra 2000-ci ilin avqustun 22-də vəfat edən Əbülfəz Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

 

Basta