Gənc diplomatın vizyonu
.
I hissə
.
Kəşfiyyat, diplomatiya və siyasət hər bir dövlətin bünövrəsidir. Kəşfiyyat-məlumatların əldə olunması, diplomatiya-məlumatların dövlət maraqlarını qorumaq naminə beynəlxalq siyasi səhnədə istifadəsi, siyasət-geosiyasi proseslərin düzgün qiymətləndirilməsi, kəşfiyyat və diplomatiyanın düzgün istiqamətləndirilməsi.
.
İstər iqtidarda, istərsə də müxalifətdə olan siyasi qüvvə sağlam diplomatiyanı qurmaq üçün, düzgün siyasi istiqamət seçmək üçün, çox güclü kəşfiyyata(məlumatlara) malik olmalıdır.
.
Biz İlham Əliyevin, Rusiyanın, Putinin, ABŞ-ın, AB-nin və s. adlarını çəkirik, ya tənqid edirik, ya dəstək veririk, hadisələr haqda fikirlərimizi bildiririk və s. Bu, siyasi proseslərin görsənən hissəsidir, amma siyasi proseslər çoxvektorlu və çox dərindir. Geosiyasi prosesləri düzgün qiymətləndirmək üçün ölkələrin nəinki xarici siyasətini, daxili siyasətinin bütün incəliklərini bilmək lazımdır. Ölkənin xarici siyasəti daxili siyasətindən asılıdır.
.
İlk növbədə bir siyasi aksiomu bilməliyik – heç bir ölkə, iqtidar, dövlət vahid mexanizm deyil. Məsələn ABŞ. ABŞ-da 2 əsas siyasi partiya mövcuddur: Demokratlar və Respublikaçılar. Bu 2 partiya arasında həmişə siyasi rəqabət olub, var və olacaq, amma ABŞ-ın siyasi səhnəsini 2 partiyalı sistem prizmasından qiymətləndirmək də düzgün deyil.
.
Niyə? Həm Demokratların, həm də Respublikaçıların daxilində qruplaşmalar var, güc və nüfuz sahibləri var. Məsələn Demokratların düşərgəsində Berni Sanders adlı Senator var. Sanders sosial-demokratdır və ABŞ-da kifayyət qədər böyük nüfuza malikdir. Dəfələrlə praymrizlərdə (Demokratlardan prezidentliyə namizəd olmaq üçün partiya daxili seçkilər) iştirak etsə də, uduzurdu. Yəni namizəd olmaq üçün gücü çatmır, AMMA VƏ LAKİN, Demokratların hər bir namizədini prezident seçkilərində uduzdurmaq iqtidarında və gücündədir. Məsələn, 2016-cı ildə Sanderd bir neçə məsələdə Hillari Klinton ilə razılığa gəlmədi, nəticədə onun elektoratı Klintona səs vermədi. Klintonla Sandersin arasında münaqişə Trampın prezidentliyinə gətiridi və dünya üçün nə ilə nəticələndi heç kim üçün sirr deyil.
.
Respublikaçılarda da bir neçə qüvvə var. Buş(sabiq Prezident Corc Buş) klanı, Romni(Mitt Romni sabiq qubernator, sabiq Senator, 2012-ci ildə prezidentliyə namizəd, Obamaya uduzdu) klanı, Makkeyn(Con Makkeyn ABŞ siyasətinin qırğısı idi, ən sərt ritorikaya malik olan Senator idi, 2008-ci ildə prezidentliyə namizəd, Obamaya uduzdu. Mərhum Makkeynin çıxışını Ukraynada Maydan hadisələri zamanı 5 metrlik məsafədə qulaq asırdım) klanı, Ted Kruzun qruplaşması (Ted Kruz Texas ştatından Senatordur, Donald Trampı dəstəkləyir), Respublikaçılar Trampı dəstəkləyənlərə və dəstəkləməyənlərə bölüşüb. Trampı dəstəkləyənlərin daxilində də bir neçə qruplaşma var və hər qruplaşmanın öz maraqları var. Baydenin ABŞ-ın daxilində ən böyük uğuru ABŞ-ın daxilində böyük klanlarla razılığa gəlib dəstəklərini almaq idi(Sanders, Romni klanı, Buş klanı, Makkeyn klanı).
.
II hissə
ABŞ-da siyasi səhnədə Demokratlar-Respublikaçılar rəqabətindən əlavə, FTB(FBİ)-MKİ(CİA) rəqabəti də uzun illər sürür. MKİ-dən fərqli olaraq FTB siyasi rəhbərliyə tabe deyil, FTB qanundan başqa heç kimə və heç nəyə tabe deyil. Ağ Ev isə həmişə FTB-nin fəaliyyətini nəzarətdə saxlamaq istəyirdi, bir çox hallarda bu təzyiqlər məhz MKİ-nin vasitəsilə həyata keçirilirdi.
.
FTB-nin Ağ Evlə qarşıdurmasının çox maraqlı tarixi misalını gətirim. Bu hadisə Prezident Riçard Niksonun dönəmində baş vermişdir 1935-ci ildə 1972-ci ilə qədər FTB-nin rəhbəri Edqar Quver olub, son illərdə Quver qocalmışdır və FTB-nin faktiki rəhbəri Quverin birinci müavini Mark Felt idi.
.
2 may 1972-ci ildə Quver rəhmətə gedir və Nikson administrasiyası bu fürsətdən istifadə edib FTB-ya qarşı hücuma keçir. Quver rəhmətə gedəndən bir neçə saatdan sonra Baş prokurorun müavini Patrik Qrey FTB-yə yollanaraq məxfi sənədlərin Ağ Evə təhvil verilməsini tələb edir. Felt sənədləri vermir(daha doğrusu bir neçə saat ərzində bütün sənədləri məhv edir). 1 gündən sonra Qrey FTB-nin rəhbəri təyin olunur və FTB de-fakto Ağ Evə təslim olur. Mark Felt vəzifəsində qalaraq təkbaşına mübarizə aparır. 1972-ci ilin iyulunda ”Uoterqeyt qalmaqalı” adlı hadisə baş verir və Mark Felt bu fürsətdən yararlanıb. Felt məxfi məlumatları mətbuata göndərir və nəticədə Riçard Niksonun impiçmentinə nail olur.
.
Hər bir ölkənin daxilində müxalifət-iqtidar mübarizəsindən əlavə, hakimiyyət daxili intriqalar, qarşıdurmalar var. ABŞ-la bağlı 2 nümunə gətirdim: Berni Sandersin Hillari Klintonla razılığa gəlməməsinin nəticəsində Trampın hakimiyyətə gəlməsi(və 4 il ərzində nəinki ABŞ-ı bütün dünyanı Rusiyaya təslim etmək cəhdi) və FTB-Ağ Ev intriqaların nəticəsində Riçard Niksonun istefası.
.
Hər bir ölkənin daxilində belə qarşıdurmalar, siyasi intriqalar mövcuddur. Rusiyada(GRU-FSB), Azərbaycanda (yaxşı tanıdığımız klanlar arasında) və s. Siyasi balansı öz xeyrinə dəyişdirmək üçün böyük ölkələrin kəşfiyyatları bu qarşıdurmalardan maksimum dərəcədə yararlanmaq çalışırlar. Məxfi məlumatlar, gizli bank hesabları, kompromatlar, səs yazıları, böyük biznes vasitəsilə təzyiqlər, ”bal tələləri” və s. Ən maraqlısı isə məhz buradan başlayır…
.
P.S. Bir çox insanlar fikirləşirlər ki, Azərbaycanda hər şey çox sadədir: Əliyev Rusiyanın vassalıdır, dövlət maraqlarını Rusiyaya təslim edib və s. Əlbəttə ki, bu danılmaz faktdır, amma və lakin mahiyyət təsəvvür etmədiyiniz qədər dərindir. Bu gün Bakıda dünyanın super güclərinin kəşfiyyatları toplaşıb, amansız mübarizə gedir…
.
P.P.S. Xarici ölkələlin daxili siyasətində baş verən hadisələri nümünə gətirməyimin məqsədi, ölkələrin bir-birinin daxili siyasətinə qarışmasının, nə dərəcədə böyük əhəmiyyət daşıdığını izah etmək istəyirəm. Məsələn I hissədə Sanders-Klinton nümunəsi. Sandersin Klintonla razılığa gəlməməsi Trampın prezident seçilməsinə gətirdi. Tramp isə 4 il ərzində ABŞ-a çox böyük zərbələr vurdu, ABŞ kəşfiyyatını dağıdırdı, təhqir edirdi, ABŞ-ı NATO-dan uzaqlaşdırırdı və yenidən seçilsəydi ABŞ-ı NATO-dan çıxardacaq idi. Bu isə Rusiyanın marağındaydı. Yəni ölkəni dağıtmaq üçün böyük müharibələrə ehtiyac yoxdur, kiçik intriqanın yaradılması böyük müharibədən daha böyük fayda verir. Budur kəşfiyyat və diplomatiya. 2 şəxsin razılığa gəlməməsi dünyanın alt-üst olmasına gətirə bilərdi və Sanders ikinci dəfə bu səhvi etmədi, Baydenə öz dəstəyini verdi.
.
Kamran Cəfərov
.