Moskvada azərbaycanlılarla ermənilər arasında toqquşmalar olub

Rusiya paytaxtının müxtəlif rayonlarında azərbaycanlılarla ermənilər arasında bir neçə yeni toqquşmaların olduğu xəbər verilir.

Bundan əvvəl Moskvada, Sankt Peterburqda və Rusiyanın başqa şəhərlərində də belə qarşıdurmaların olduğu xəbər verilmişdi.

Bu insidentlər Rusiya şəhərlərində iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədində yaşanmış hərbi qarşıdurmanın ardınca yayılmağa başlayıb.

Rusiyanın dövlət TASS xəbər agentliyi iyulun 24-də hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, Yeni Moskvanın Salaryevo rayonunda bir qrup azərbaycanlı ermənilərə məxsus tikinti malları mağazasına hücum edib.

Eyni gündə Ermənistandan olan 7 nəfər Bratislava küçəsindəki Azərbaycan restoranına basqın edib.

Toqquşmalara Rosqvardiya müdaxilə edib

TASS xəbər verir ki, Moskva polisi azərbaycanlılarla ermənilər arasında paytaxtın cənub-şərqində baş vermiş dava-dalaşın ardınca cinayət işi qaldırlıb.

Moskva şəhər polisinin məlumatına görə cinayət işləri Rusiya CM-nin 213 (Xuliqanlıq) və 162-ci (Qarət) maddələri ilə açılıb.

Polis indiyədək 25 nəfərin saxlandığını bildirir.

Rusiyanın Interfax agentliyinin verdiyi xəbərə görə toqquşmalarla bağlı Moskvaya Milli Qvardiya və xüsusi təyinatlı polis qüvvələri yeridilib.

Agentlik xəbər verir ki, Rusiya paytaxtında Bratislavskaya metrosunun qarşısında, Lyublinskaya və Nijniye Polya küçələrinin kəsişməsində də toqquşmalar olub.

Lenta.ru saytı xəbər verir ki, burada baş verənlərin internetdə yayılmış videolarında tibb maskaları taxmış bir qrup kişinin Ermənistan nömrəli avtomobillərdə olanları yumruqla vurduğu və avtomobil şüşələrini sındırdığı görünür.

Xəbərdə deyilir ki, hücum edənlər hadisəni telefonla videoya çəkirdilər.

.

Azərbaycanlılar təkzib edirlər

Ermənistanın Moskvadakı səfiri Vardan Toganian “Govorit Moskva” radiostansiyasına verdiyi müsahibədə iddia edib ki, Moskvada baş verən toqquşmalar təxribatdır və azərbaycanlılar tərəfindən əvvəlcədən planlaşdırılıb.

Səfir deyib ki, diplomatik missiya bütün gecə ərzində hücumlara məruz qalmış ermənilərin telefon zənglərinə cavab verməli olub.

Toganian bunu da bildirib ki, səfirlik Rusiyanın hüquq-mühafizə orqanları ilə daim rabitədədir:

“Biz sayıqlığı itirməməyə, təxribatlara uymamağa çağırırıq, çünki yaxşı planlaşdırlımış ermənifobiya siyasəti Rusiyadakı balansı pozmaq üçün Azərbaycandan ixrac olunub”.

Ermənistan səfirinin sözlərinə görə, “mütəşəkkil təxribat” azərbaycanlılara məxsus ticarət obyektlərindən başlanıb.

Rusiya Erməniləri İttifaqının nümayəndəsi David Tonoyan Lenta.ru saytına deyib ki, Moskvada azərbaycanlıların ermənilər üzərinə hücumları 10 gündür davam edir.

O əlavə edib ki, hazırda polis vəziyyətə nəzarət etməyə başlayıb.

Lenta.ru yazır ki, baş verənlərlə bağlı azərbaycanlıların öz versiyası var. Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov toqquşmalar barədə xəbərləri “erməni tərəfinin dezinformasiyası” adlandırıb.

O deyib ki, dava-dalaşı ermənilər başlayıblar. Onun sözlərinə görə onlar ötən gecə azərbaycanlıların qarpız satışı çadırlarına hücum ediblər.

Elnur Hüseynov deyib ki, onun təşkilatı münaqişəni dinc yollarla həll etməyə çalışır.

.

“Ərik müharibəsi”

Rusiya mediası yazır ki, bundan əvvəl azərbaycanlılarla ermənilər arasında “Ərik müharibəsi” adını qazanmış qarşıdurma baş verib.

Kommersant qəzeti yazırdı ki, iyulun 18-də Ermənistandan Moskvaya ərik və başqa meyvələr gətirən yük maşınlarını “azərbaycanlıların nəzarətində olan” Food City aqrar kompleksinə buraxmayıblar.

Yük maşınlarının sürücüləri qəzetə deyiblər ki, bazarın təhlükəsizlik xidməti bunun ermənilər və azərbaycanlılar arasında mümkün toqquşmaların baş verməməsi üçün edildiyini bildirib.

God Nisanov
God Nisanov

Rusiya Erməniləri İttifaqı təşkilatının sədri Musheg Syuni deyib ki, Food City əvvəlcə erməni yük maşınlarını ərazidən çıxarıb, sonra isə Ermənistanla bağlı olan bütün reklam və malların yığışdırılmasına göstəriş verib.

Lenta.ru qeyd edir ki, Food City bazarı “Kiyevskaya Ploşad” holdinqinə daxildir. Bu holdinq, hər ikisi Forbes jurnalının siyahısında olan Azərbaycan doğumlu milyarderlər God Nisanova və Zarax İliyevə məxsusdur.

İyulun 23-də Ermənistanın Rusiyadakı səfiri Toganian bildirmişdi ki, “Tvoy dom” ticarət mərkəzləri şəbəkəsi də Ermənistan istehsalı olan malları – konservləri, mineral suları və alkoqollu içkiləri piştaxtalarından yığışdırıb.

“Tvoy dom” şəbəkəsinin sahibi azərbaycanlı biznesmen Araz Ağalarovdur.

God Nisanov, Zarax İliyev və Araz Ağalarov bu iddialarla bağlı heç bir rəsmi açıqlama verməyiblər.

Saxta xəbərlər

Bu arada AMI xəbər agentliyi Rusiya Erməniləri İttifaqı Food City şirkətinin topdansatış bazasında guya bir erməninin öldürülməsinə, Lyuberets rayonunda bir erməni qadının zorlanmasına dair sosial mediada yayılan məlumatların saxta xəbər olduğu və təxribat məqsədi güddüyü barədə açıqlamasını yayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, iyulun 24-də Rusiya Pravoslav Kilsəsinin başçısı patriarx Kirill Ermənistanı və Azərbaycanı ekstremistlərin təxribatına uymamağa və dialoqa başlamağa çağırıb.

İyulun 23-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov ölkədəki Azərbaycan və erməni icmalarının nümayəndələri ilə görüş keçirib.

Azatutyunun verdiyi xəbərə görə, bu görüşdə Food City ticarət mərkəzinin sahibi God Nisanov və Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan da iştirak ediblər.

Rusiya XİN-in verdiyi qısa xəbərdə deyilir ki, görüşdə Rusiya Federasiyası ərazisində millətlərarası sülhün bərqərar edilməsində azərbaycanlıların və ermənilərin rolu müzakirə edilib.

İyulun ortalarından bəri ABŞ-ın Los Anceles şəhərində, London və Varşava da daxil Avropa paytaxtlarında azərbaycanlılar və ermənilərin iki ölkənin səfirlikləri qarşısında aksiyaları olub.

Bu aksiyalardan bəzilərində də toqquşma və zorakılıqlar baş verib.

İyulun 12-də Azərbaycan Ermənistan sərhədində silahlı toqquşma olub. Hər iki tərəf itki verib. Son günlər döyüş səngisə də, gərginlik davam edir.

AzadlıqRadiosu