AXCP yeni saxlanmalar, həbslər və axtarışların olduğunu bildirir

Xalq Cəbhəsi Partiyası bu müxalifət partiyası üzvlərinin saxlanmasının və həbs olunmasının davam etdiyini bildirib. Bu gün Sabunçu rayon təşkilatının fəalları Yaşar Kərimov və Emin Fərhadov saxlanılıblar.

AXCP təşkilat şöbəsinin təlimatçı, ötən gün saxlanılmış  Elnur Yusubov məhkəmənin qərarı ilə 30 gün müddətinə həbs edilib.

Bu gün isə Bakı Apellyasiya Məhkəməsi AXCP üzvləri Məhəbbət Nağıyev, Ceyhun Novruzov və Telman Seyfullayevin həbsilə bağlı şikayətləri təmin etməyib.

Sonuncu on-line formada prosesində iştirak edib. O, işgəncələrdən şikayət etməyib, ancaq bildirib ki, artıq 10 gündür ki, paltarını dəyişə bilmir.

Vəkil Bəxtiyar Hacıyev T.Seyfullayevin ev dustaqlığına keçirilməsi barədə vəsatət qaldırıb. Ancaq vəsatət rədd təmin edilməyib.

Bu gün AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin mənzilində axtarış aparılıb. Maraqlıdır ki, güc strukturları M.İbrahimin oğlu Mehdiyə qarşı cinayət işi ilə əlaqədar axtarışa sanksiya verib.

Müstəntiqlərin karantini pozmaqda və koronavirusu yaymaqda ittiham olunan bir şəxsin mənzilində nə axtardıqları aydın deyil.

15 iyul mitinqindən sonra AXCP-nin 40-a yaxın fəalı saxlanılıb. Onlardan 15-nə qarşı cinayət ittihamı irəli sürülüb, 10  nəfər inzibati qaydada həbs edilib. 10 nəfər dindirildikdən sonra buraxılıb. Qalanların taleyi məlum deyil.

Turan