Müsavat Divanının iclası keçirilib
Müsavat Partiyası siyasi motivli həbslərə son qoyulmasını, Qarabağ mitinqindən sonra həbs edilən AXCP üzvlərinin və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir
.
İyulun 28-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Video-konfrans rejimində keçirilən iclasda əvvəlcə milli-azadlıq hərəkatının bayraqdarı, veteran müsavatçı Yaşar Türkazərin xatirəsi sayğı duruşu ilə yad edilib.
Daha sonra xaricdə yaşayan azərbaycanlıların Ermənistanın işğalçı siyasətinə qarşı etiraz aksiyaları müzakirə olunub. Müzakirələrdə bu aksiyalarda iştirak edən soydaşlarımızın, o cümlədən mühacir müsavatçıların fəallığı təqdir edilib, eyni zamanda qeyd edilib ki, bu mövzuda fərqli fikir irəli sürənlər öz düşüncələrinə görə mənəvi hücuma məruz qoyulmamalıdır. Müsavat AKM-in orduya dəstək məqsədilə və Ermənistanın işğalçı siyasətinə etiraz olaraq Avropada yeni aksiyalar planlaşdırması barədə məlumat dinlənilib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı siyasi məhbus Tofiq Yaqublunun məhkəməsinin hazırlıq iclası haqqında məlumat verib, məhkəmə prosesinin avqustun 5-də davam edəcəyini bildirib.
Divanın toplantısında Bakıda Milli Ordumuza dəstək məqsədilə keçirilən 14-15 ilul aksiyasında iştirak edən onlarla şəxsin, o cümlədən AXCP üzvlərinin həbsi ölkədə repressiyaların davamı kimi qiymətləndirilib. Müsavat Partiyası hesab edir ki, həmrəyliyə böyük ehtiyac olan indiki dövrdə hakimiyyətin həyata keçirdiyi həbslər insan hüquqlarının kobud pozuntusu olmaqla bərabər, həm də Azərbaycanın dövlət mənafeyinə ziddir. Müsavat Partiyası siyasi motivli həbslərə son qoyulmasını, Qarabağ mitinqindən sonra həbs edilən AXCP üzvlərinin və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.
Divanda müxalifət partiyaları və vətəndaş cəmiyyəti nümayəndələrinin repressiyalara qarşı birgə mövge sərgiləməsinə dair məsələ müzakirə olunub.
Toplantıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrininin birgə hərbi təlimləri təqdir edilib.
İclasda koronavirus pandemiyası ilə mübarizədə problemlər müzakirə olunub, avqustun 5-dən karantin rejiminin yumşaldılması, eyni zamanda qüvvədə olan məhdudiyyətlərə əməl edilməsinə nəzarətin gücləndirilməsi təklif edilib.
Divan partiyanın Sədrlər Şurası və digər strukturlarında da video-konfrans rejimində toplantıların keçirilməsi barədə qərar qəbul edib.
Sonda cari məsələlər müzakirə olunub.
.
Basta