Müsavat başqanından Qurban Bayramı təbriki
Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan xalqını Qurban Bayramı münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər! Sizi Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, sizə ailə səadəti, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.
Qurban Bayramı bütün dünya müsəlmanları üçün olduğu kimi, Azərbaycan xalqı üçün də əzizdir, müqəddəsdir. İslamın digər bayramları kimi Qurban Bayramı da hər kəsi sülhə, birliyə, ədalətə, əminamanlığa səsləyir. İnsanları saflaşdırır.
Bu il xalqımız Qurban Bayramını dünyada tüğyan edən, bəşəri bir bəla olan pandemiya şəraitində qarşılayır. İnanıram ki, xalqımız bu çətinlikləri uğurla adlatacaq, epidemiyanın ağır fəsadları tezliklə arxada qalacaq. Son zamanlar müqəddəs bayram günləri ərəfəsində dövlət sərhədimizə düşmən tərəfindən edilən hücum zamanı, əsgər və zabitlərimiz qəhrəmanlıqla şəhid olublar.
Vətənimizin ərazi bütövlüyü və torpaqlarımız uğrunda həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Arzum budur ki, bu müqəddəs gündə edilən qurbanlar, oxunan dualar Haqqın dərgahında qəbul olunsun. Hər birimizin xoş niyyətli dualarımız həyata keçsin. Belə bir əziz gündə ən böyük arzumuz və duamız xalqımızın sağlamlığı, xoşbəxtliyi, işğalda olan torpaqlarımızın, Qarabağın azadlığıdır. Hər bir Azərbaycan ailəsinə bol bayram süfrəsi, rahatlıq və əminamanlıq arzulayıram.
Əziz həmvətənlər!
Sizi bir daha müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram. Tanrı Sizi qorusun!”
Basta