Ac əsgər gülləsiz avtomat kimidir

Mehman Əliyev

 

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra ayılıb, “Dövlət sirri haqqında” qanunu xatırlayıb.

 

“Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir”, bu barədə MN-in 23 dekabr tarixli bəyanatında deyilir. Bu bəyanat çöl şəraitində yerləşən ordunun dəhşətli şəraiti haqqında əsgərlərin sosial şəbəkədə getdikcə daha tez-tez yayılan videoçarxlarına reaksiya olub.

 

Nazirlik qeyd edir ki, “yoxlamalar nəticəsində ordunun təminatında cüzi nöqsanlar müəyyən edilib” və guya nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb. Amma onların kim olduğu cəmiyyətə adbaad açıqlanmır. Xalq qələbəni qazanan qəhrəmanlarını tanıyır, onların adlarını heç kim gizlətməyib. Bəs MN qəhrəmanlarını pis təchiz edənlərin və bununla da ordunun döyüş hazırlığını sarsıdanların adlarını niyə açıqlamır? Əsgərlərin təminatı, döyüş şəraitində onların saxlanılması döyüş hazırlığı səviyyəsinin mütləq şərtidir və döyüş əməliyyatının uğuru və ya uğursuzluğu bundan asılıdır.

Və ordunun təminatında cüzi nöqsanlar var idisə, niyə bununla “Bravo” marketlər şəbəkəsi məşğul olmağa başlayıb, bu şəbəkənin nümayəndələrinin səfərləri KİV-də geniş şəkildə işıqlandırılıb? Niyə ordunun təminatındakı nöqsanları “Bravo” düzəltməlidir?

 

Dövlət sirri haqqında qanunun MN tərəfindən şərait yaradılan pozuntuları nəticəsində müharibəni izləyən hamı Silahlı Qüvvələrin mənəvi-psixoloji vəziyyəti, hərbi qulluqçuların intizamı, döyüş hazırlığı haqqında bir çox məlumatlar əldə edə bilib. Müharibənin ilk günlərindən etibarən şəbəkədə müxtəlif məzmunlu videokadrlar yayılırdı.

 

MN-in orduda, xüsusilə də döyüş şəraitində mobil telefonlardan istifadəyə necə yol verdiyi barədə sual yaranır. MN bunu görürdü və heç nə etmirdi, axı şəbəkədə hər şey dövlət sirri haqqında qanun pozulmaqla paylaşılırdı. Amma, digər tərəfdən, bu cür süjetlər yayılmasaydı cəmiyyət ordudakı mənfi hallar barədə necə məlumat ala bilərdi? Və məğlubiyyətə aparan bütün nəticələri ilə birlikdə, hazırda bu halların aradan qaldırılması qeyri-mümkün olardı.

Mənim fikrimcə, silahlı qüvvələrin döyüş hazırlığı sarsıdıldıqda, hərbi qulluqçularının sağlamlığı üçün təhdid olduqda, komandanlıq tərəfindən mənfi hallar haqqında siqnallara məhəl qoyulmadıqda, hərbi qulluqçu problemi ictimailəşdirmək və beləliklə təhdidi aradan qaldırmaq hüququna malikdir.

 

Biz əsgərlərin həvəskar videoçarxları sayəsində nə görə bildik? Burada hər bir təfərrüat önəmlidir, çünki onların hər biri bir məlumatdır. Əsgər necə geyinib, necə təchiz edilib, ayaqqabısı təmizdir, ya yox, üzünü qırxıb, ya yox, necə davranır, ön cəbhədə özünü necə aparır, ne yeyir, nəyin üstündə yatır?

 

Və beləliklə, mən bunu gördüm, xüsusi təyinatlılar istisna olmaqla, ordumuz 90-cı illərin əvvəllərindəki yarımpartizan ordusundan çox az irəliləyib. Pinti görünüş, yeknəsəqliyin olmaması, intizamın aşağı səviyyədə olması, sənli-mənli davranış. Bir dəfə belə əsgərlər üçün xüsusi məhsullar dəsti, səyyar mətbəx, isti qida üçün termos görmədim. Bütün bunlar əsgərlərin şikayətlərindən sonra ortaya çıxıb. Müharibə boyunca şəbəkələrdə gəzən çoxsaylı videolarda bürüncək-çadır, hərbi çadır, çöl hamamı görmədim. İnsanlar harada gəldi və necə gəldi yatırlar, normativlərə uyğun olmayan şəkildə qidalanır, yeməklərini özləri hazırlayırlar. Ağır, stresli müharibə şəraitində əsgərlərin qidalanması ilə bağlı müasir tələblər adambaşı gündə 4500-5000 kkal tələb edir. Əsgər bu qədər kalori alıb? Şübhə edirəm.

Müasir orduda əsgər ac qalmamalı, yağış altında, soyuqda açıq havada yatmamalıdır. Bəlkə müstəsna hallarda. Amma bizim halda deyil. Bu halda o, artıq əmrləri yerinə yetirə bilən və yerinə yetirmək iqtidarında olan əsgər deyil. Vəziyyəti ətraflı şəkildə əks etdirən bir məsəl var: Ac əsgər gülləsiz avtomat kimidir.

 

Həmçinin, sual yaranır, orduda qanunların, normativlərin icrasına nəzarət edən müvafiq dövlət qurumları hara baxırlar? Yəni onlar da öz səmərəsizliyini və ya ellik zəmanət sistemindən asılılığını nümayiş etdiriblər.

 

Bu halda, dayaqlarından biri də ordu olan dövlətin təhlükəsizliyindən irəli gələrək, Silahlı Qüvvələrə vətəndaş nəzarətinin (saxta deyil, real nəzarətin) tətbiqi məsələsinə baxmaq lazımdır. Bu, nöqsanlara yol verilməməsinin mühüm zəmanətidir. Bunun üçün müxtəlif nəzarət institutları – orduya nəzarət üçün xüsusi idarə, valideyn komitələri, ixtisaslaşmış QHT-lər yaratmaq və onların qarşılıqlı fəaliyyətini təmin etmək lazımdır.

 

P.S. Məqaləni bitirdikdən sonra YouTube-da hərbi qulluqçunun cəbhə arxasındakı həmvətənlərinə videomüraciəti qarşıma çıxdı. Əlində avtomatla hamıya Yeni İli necə qarşılamalı olduqlarını, Yeni İl yolkası qurub-qurmamağı diktə edirdi. Təkcə bir şey aydın deyildi: O, Müdafiə Nazirliyi adından danışırdı, ya səngər yoldaşlarının adından?Amma başqa bir şey aydın idi: Əli silahlı insan siyasətə qayıdır. İstər Müdafiə Nazirliyi ilə, istərsə də onsuz – bunun artıq əhəmiyyəti yoxdur.

 

Turan