Bu filmə bir də baxın
Əhalinin sağlamlığı üçün, əsasən də virusun tüğyan etdiyi qış mövsümündə tələb olunan ərzaqlardan biri də süddür. Bir neçə il bundan əvvəl bir litri – 1 manat idi. Devalvasiyalar nəticəsində 1 manat 20 qəpik oldu. İndi isə satışda südün bir litri 1 manat 40 qəpikdir.
Başa düşüləndir ki, inək saxlayan zəhmətkeş heyvandarlıq üçün lazım olan hər şeyi artırılmış qiymətlərlə alır. Gəlin görək, ərzağı pulla almağa vadar olan əhalinin belə fantastik sürətlə qiymət artımına tabı, davamiyyəti nə dərəcədədir?
Məlum pandemiyanın, onun ardınca ölkənin işğaldan qurtulması üçün 44 günlük Vətən müharibəsi savaşları ilə üzləşən xalq elə fantastik də dözüm nümayiş etdirdi.
Ən azı gənc həyatlarını tərəddüd etmədən Qarabağı 30 il qəddar düşmən caynağından qurtarmaq üçün qurban verən şəhidlərimizin ruhu qarşısındakı borcumuzun təsirindən, adam, keçinmək mümkün olarsa, heç yeyib-içmək də istəmir. Amma məlum məsələdir ki, həyatı davam etdirmək də insan nəslinin borcudur.
Belə bir durum yaşayan Azərbaycan cəmiyyətinin qəddini düzəltməsi üçün birinci növbədə vicdan tələb olunur. İkincisi, maddiyyatın gücləndirilməsi.
Tarixdə bu düsturun müəllifi sayılan alman iqtisadçısı Karl Marksın “Cəmiyyətin bazasını, bünövrəsini təşkil edən maddidir, digərləri üstqurum sayılır” sözlərini qəribliyə salmaq olmaz. Vaxtilə anarxist bolşevizmin öz tələsinə saldığı bu alim sağlam cəmiyyət yetişdirməyin yeganə yolunu iqtisadiyyatın, kənd təsərrüfatının möhkəmləndirilməsində görürdü.
Yaşı bilinməyən dünyanın bəxş etdiyi bir dahi də var. Natamam qalan işlərə tənqidini komikliklə bildirən Çarli Çaplin. Onun yaratdığı ölməz obrazlardan biri –aclıqla üzləşən adamın vəziyyəti ölkəmizdə yaşanan durumla uyğun gəlir. Rusca“Zolotaya lixorodka” – “Qızıl xəstəliyi” adlanır.
Buzlaqda azan və heç bir qida ehtiyatı olmayan şəxs obraz düşüncəsinin köməyi ilə özünü aclıqdan xilas edir. O, çəkməsini (heyvan dərisindən düzəldilmiş olduğundan təbii qida sayılır) hissə-hissə yeməyə başlayır. Hələ üstəlik çəkmənin mismarlarını da bir-bir sümük əvəzi ləzzətlə sümürüb yerə atır.
Biz rayon uşaqlarının BDU-da təhsil aldığımız, Yasamalda kirayə qaldığımız zamana (1978-79) təsadüf edir bu filmin ilk dəfə nümayişi.
“Sevil” kino-teatrındaxarici filmlərdən biri kimi baxdığımız bu filmdən yaddaşımda iki səhnə – “çəkmə”ni ədəb-ərkanla yeyən Çarli Çaplin və zal dolusu tələbə gənclərin qəşş eləyib gülməkləri.
Dahilər təkrarolunmazdır. Onları olsa-olsa təqlid etmək mümkündür. Maddi imkanı məhdud olan sadə xalqı düşünmək zamanıdır.
Məsləhətdir ki, hərdən-bir gülüşün acılığını duymaqdan ötrü bu filmə də baxılsın.
Nəzakət Muradova