Tofiq Zülfüqarovdan sensasion açıqlama

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Bakı ilə “şimal qonşumuz” arasında böhran ilə bağlı sensasion açıqlama yayıb. 

O qeyd edib ki, hamı bu böhranın AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra başladığını düşünür.

“İndi bir çox şərhçilər “1 nömrəli” təyyarədə GPS-in müvəqqəti bağlanmasının da böhranın səbəblərindən biri olduğuna işarə edir” -deyə, Zülfüqarov özünün feysbuk hesabında yazıb. 

Qeyd edək ki, ötən ilin sonunda “Turan” agentliyi 25 dekabr 2024-cü il tarixində, AZAL-ın sərnişin təyyarəsi vurulan gün, həmin vaxt öz təyyarəsi ilə Rusiya səmasında olan Azərbaycanın dövlət başçının təyyarəsinin də GPS siqnalının söndürüldüyü barədə məlumat yaymışdı. “Turan” sonradan həmin məlumatı təkzib etdi. Agentliyin konkret səbəb göstərmədən bağlanmasını da bəzi şərhçilər bu məlumatla əlaqələndirmişdilər. 

Tofiq Zülfüqarovun bu paylaşımı İlham Əliyevin təyyarəsinin Rusiya səmasında РЭБ hücumuna məruz qalması haqda məlumatın həqiqiliyinə sübhə yeri qoymur. Çünki, o, yaxın şəxs olaraq İlham Əliyevin icazəsi olmadan belə bir məlumat yaya bilməzdi. 

Tofiq Zülfüqarov daha irəliyə gedərək, hər iki hadisənin Rusiya rezidenti Vladimir Putinin “qeyri-tolerantlığından” qaynaqlandığına işarə edib: “Bu hadisələrin əsas tətikçisi nə ola bilərdi? Niyə V.Putin və ya ona bənzəyən bir şəxs birdən-birə çox “qeyri-tolerant” oldu?”

Daha sonra Zülfüqarov Qarabağ münaqişəsində Rusiyanın rolundan və separatçıların indi Bakıda keçirilən məhkəməsində bütün cinayətlərin rəsmi sübuta yetməsindən yazıb. 

“Təqsirləndirilən şəxslərin ifadələri münaqişənin iki əsas səbəbi kimi göstərilən – “separatizm” və “millətlərin öz müqəddəratını təyinetmə hüququ” tezislərini darmadağın etdi.
Aydındır ki, təqsirləndirilən şəxslər İrəvandan maaş və göstərişlər alıblar, lakin hətta orada da onları açıq şəkildə Rusiya xüsusi xidmət orqanlarının agentləri adlandırırlar və Vardanyan həm də Rusiya və digər siyasi elitanın maliyyə sirlərinin ən böyük daşıyıcısıdır.
Bu cür məlumatların Azərbaycanda cəmləşməsi ölkəmizi müstəqil və potensial olaraq düşmən üçün çox təhlükəli edir….
Hətta “Qarabağ işi” ilə bağlı Rusiya və Qərbin xüsusi strukturlarının “qarşılıqlı əlaqəsi” ilə bağlı dolayı informasiya da dünya ictimaiyyətinə açıqlana bilər” – deyə, Zülfüqarov vurğulayıb. 

Tofiq Zülfüqarovun sonrakı sözlərindən anlaşılır ki, Putin İlham Əliyevdən Bakıda həbsdə olan Ruben Vardanyanın və digər erməni  separatçılarını azad etməsini istəyib və sözü yerə düşəndən sonra bu hadisələr baş verib: “Düzünü desək, biz artıq çox şeyi təxmin edirdik və bilirdik, amma bizim təxminlərimiz bir şeydir, şahid ifadələri, qeydə alınmış ifadələr və ya məhkəmə hökmü tamam başqa şeydir. Rusiya Federasiyasının nümayəndələri “Qərb tərəfdaşlarından” fərqli olaraq, “leytenant Şmitin uşaqları”nın azadlığa buraxılmasına çağırış etmədilər, lakin bu, onların bağlı qapılar arxasında bunu etmədikləri anlamına gəlmir.
Düşünürəm ki, son və bəlkə də gələcək hadisələrin əsas səbəbi budur…”

Mustafa Hacıbəyli