Putin “qırmızı cizgiləri” AŞIR
Kreml Qərbə qarşı siyasətini sərtləşdirib, mesaj bundan ibarətdir: “NATO Ukrayna üzvü olarsa, Rusiya ordusu Ukraynaya daxil olacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan şahinoğlu Modern.az-a bildirib ki, bu hələ bir az “mədəni” mesajdır, əslində demək istəyirlər ki, “Ukrayna və Rusiyaya yaxın ölkələr Kremlin arxa bağçasıdır, bu dövlətlər NATO üzvü və ABŞ-ın müttəfiqi ola bilməzlər”.
“Kremlin təhdidi Ukrayna ilə kifayətlənmir. Rusiya prezidenti Vladimir Putin Vaşinqton, Paris və Berlindən tələb edir ki, Kremlin cızdığı “qırmızı cizgilər”lə bağlı təcili danışıqlar başlasın. Vaşinqton və Brüssel ultimatum dilini qəbul etmir. Qərb “soyuq müharibə” illərində olduğu kimi, ölkələri “təsir dairələrinə” bölmək istəmir. Qərbin və NATO-nun ümumi mövqeyi belədir ki, hər bir ölkə xarici və təhlükəsizlik siyasətini seçməkdə sərbəstdir, Ukrayna, Gürcüstan və ya digər dövlət Qərbin iqtisadi və hərbi blokuna qəbul olmaq istəyirsə, bu seçimə hörmət etmək lazımdır”.
Siyasi şərhçi bildirib ki, Kreml belə bir seçimi tanımaq istəmir.
“Rusiya prezidenti Vladimir Putinin arqumenti budur ki, ABŞ nüvə başlıqları daşıyan raketlərini Polşa və Rumıniyada yerləşdirib, növbədə Ukraynadır, belə olan halda Amerika raketləri Moskvanı bir neçə dəqiqə ərzində vura bilərlər. Putinin sözlərinə görə, Vaşinqton nə şifahi, nə də yazılı sazişlərə riayət edir: “Vaşinqton bildiyini edir, BMT Təhlükəsizlik Şurasının qərarı olmadığı halda İraqa hücum etdi, bu ölkəni viran qoydu, terrorun yuvasına çevirdi, başqa hallarda isə BMT qərarlarına istinad edir”.
Putin fikrini belə davam etdirir ki, İraq və ya Liviyaya Rusiyanın əli çatmadı, Vaşinqtona mane ola bilmədi, ancaq Ukrayna Rusiya üçün “qırmızı çizgidir”. Bunun ardınca Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Amerika ordusunun və kəşfiyyatının zabitləri artıq Ukraynada və Donbassla “təmas xəttində” yerləşiblər.
Beləliklə, Kreml “hədəfləri” böyüdüb, Vaşinqtondan tələb edir ki, “Ukraynanı tərk edin”. Kreml Ukrayna ilə kifayətlənməyərək Amerika raketlərinin Şərqi Avropadan çıxarılmasını, Rusiya sərhəddindəki Baltik ölkələrində hərbi bazalarının yaradılmamasını da tələb edib. Aydındır ki, Vaşinqton və Brüssel Kremlin bu şantajına baş əyməyəcək. Belə olan halda Kremlin cavabı nə olacaq?”.
E.Şahinoğlunun sözlərinə görə, Kreml özü “qırmızı cizgiləri” aşıb və belə məlum olur ki, onun şərtləri qəbul olunmasa, Ukraynaya müdaxilə planı həyata keçiriləcək.
“Kreml danışıqlar tələb edir, özü də bu tələbi irəli sürərkən masada yalnız Vaşinqtonun olmasını istəyir. “NATO və Avropanı Vaşinqton idarə edir. Amerika bu ölkələrin sahibidir, ona görə də biz vassalarla yox, sahiblə danışıb razılaşma əldə etmək istəyirik” deyən rusiyalı rəsmilər qarşırdurmaya hazırlaşırlar. Ancaq Kremlin həmişə olduğu kimi hesaba qatmadığı amil var: SSRİ də Qərblə eyni dildə danışırdı, ancaq sonu yaxşı olmadı…”.