“Tərtər işi”nə dair atacağımız addımlar bizi ya xilas, ya da məhv edəcək”

 

ASTNA.biz

 

“Tərtər işi” Baş Prokurorluğun icraatına qəbul edilməklə cinayət işlərinin ibtidai istintaqı Azərbaycanın Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb. Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir. Bildirilib ki, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.Rəsmi məlumatdan bir gün öncə bir sıra media orqanlarında Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradıldığı barədə məlumatlar yayılmışdı. Baş Prokurorluğun mətbuat xidməti “Tərtər işi”nin təkrar araşdırılması üçün xüsusi istintaq qrupunun formalaşdırılması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatları şərh etmirdi. Yeri gəlmişkən, Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunub. Bəzi məlumatlara görə, Mübariz Rzayev məhz “Tərtər işi” məsələsi ilə bağlı olaraq vəzifəsindən azad edilib.Mövzu ilə bağlı siyasi şərhçi Ərəstun Oruclu ASTNA-nın suallarına cavab verib.

 

Sual: Ərəstun bəy, Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb. Baş Prokurorluğun mətbuat xidməti “Tərtər işi”nin təkrar araşdırılması üçün xüsusi istintaq qrupunun formalaşdırılması barədə bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlar yayılanda şərh etməsə də və sonradan bununla bağlı rəsmi açıqlama yaydı. Göründüyü kimi bu məlumatları yerli mətbuat özbaşından yaya bilməzdi. Çox güman ki, yerli mediaya bu məlumat sızdırılmışdı Hər bir halda, sizcə, yeni yaradılmış istintaq qrupu araşdırmaya haradan və kimlərdən başlamalıdır?

 

Cavab: Məndə də öncədən məlumat vardı ki, nəsə bir qrup yaradılıb və bunu YouTube kanallarının birində Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov da təsdiqləmişdi. Amma belə məlumat sızdırmanın özü yaxşı niyyətdən xəbər vermir. Dövlətin istintaq və hüquq-mühafizə orqanları ölkəni illərdir titrədən belə bir hadisə haqqında rəsmi məlumat yaymaq əvəzinə öncə mediaya məlumat sızdırırlarsa bu, onlara etimadı daha da azaldır. Tərtər qətliamının törədilməsinin əsas səbəblərindən biri ölkənin dörd qurumunun – Baş Prokurorluğun, Müdafiə Nazirliyinin, DİN-nin və DTX-nın 7 may 2017-ci il tarixli bədnam birgə bəyanatı olub. Məhz həmin bəyanat Tərtərdə törədilmiş vəhşiliklərə yol açıb. İndi sual olunur ki, o zaman ölkə hərbçilərinə böhtan atmağa xidmət etmiş və minlərlə hərbçimizin işgəncələrə məruz qalmasına, azı 11 nəfərin qətlinə şərait yaratmış bəyanatın müəllifi olan orqanlar bu gün niyə bəyanat yaymağa cürət etmirlər? Bu sualın iki mümkün cavabı var: Azərbaycan xalqı və dövlətçiliyi üçün tarixi, həyati əhəmiyyət kəsb edən məsələni adi bir cinayət hadisəsi kimi təqdim etmək və ya son aylar ictimai rəydə davamlı yer tutumuş “Əsrin cinayəti” haqda ictimai rəydə çaşqınlıq yaratmaq. Hər ikisi yanlışdır və cəmiyyətdə yalnız qıcıq yaradaraq ictimai reaksiyanı daha da kəskinləşdirir, dövlətlə cəmiyyət arasındakı etimadsızlıq uçurumunu bir qədər də dərinləşdirir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın olmaması da Tərtər qətliamının törədilməsinə rəvac verən səbəblərdən biri olub. Bu gün də şəffaf fəaliyyət göstərməyərək belə yollara əl atan istintaqın haqqında nə demək olar ki?! Qaldı istintaqın kimlərdən başlamasına, bunu hüquq-mühafizə orqanları hamıdan yaxşı bilirlər – ilk növbədə bu cinayəti icra edənlərdən və ona qərar verənlərdən. Amma ilk növbədə hansı maddələrlə cinayət işinin açıldığı və həmin istintaq qrupuna kimin daxil edildiyi açıqlanmalıdır. Əgər belə bir qrup yaradılıbsa əlbəttə. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə görə istintaq qrupu yalnız hərhansı maddə ilə cinayət işinin açılması barədə qərardan sonra yaradılır.

 

Sual: Sizcə, hər şey obyektiv araşdırılacaqmı? Hakimiyyət bu işin tam dərinliklərinə, incəliklərinə qədər gedib çıxa biləcəkmi? Kimlərisə özlərinin mənafeyi, ümumi maraqlar naminə və ya kimdənsə, nədənsə ehtiyat edərək qanadları altına almayacaq ki?

 

Cavab: Tərtər qətliamını törətmiş çətənin daxilində onlarla bir-birilə yaxın və uzaq qohumluq əlaqələrində olan şəxslər olub ki, onların da hər biri bu və ya digər dərəcədə həmin cinayətdə iştirak edib. Bundan başqa, cinayətdə iştirak edənlərin əksəriyyəti prokurorluq orqanlarında vəzifələrində böyüdülüblər. Bu gün onların arasında bir neçə nəfər istintaqın gedişinə təsir edə biləcək vəzifələri tutan şəxslər var. Onlardan 8 nəfəri təkcə indiki Baş Prokuror Kamran Əliyev tərəfindən Baş Prokurorluq və Hərbi Prokurorluq orqanlarında vəzifələrə təyin olunub. Belə bir durumda prokurorluq orqanlarının siz deyən kimi, işin incəliklərinə qədər gedib çıxa biləcəyi inandırıcı görünmür. Bundan başqa Tərtər qətliamının törədilməsində xarici xüsusi xidmət orqanlarının çoxsaylı izləri görünür. Ən azı bu, 2 hal istintaqın prokurorluğa etibar edilməsinə imkan vermir. Bu baxımdan hesab edirəm ki, Tərtər qətliamının istintaqı ya DTX və DİN və ya DİN tərəfindən aparılmalıdır, ya da cinayətə aidiyyatı olan şəxslərin prokurorluq orqanlarından kənarlaşdırılmasından sonra aparıla bilər. Yoxsa cinayətin əsas təşkilatşılarından olan hərbi prokuror Xanlar Vəliyev vəzifəsində qala-qala hansı obyektiv istintaqdan söhbət gedə bilər?! Unutmayaq ki, Xanlar Vəliyev həm də Baş Prokurorun müavinidir və bundan başqa həm o, həm də Kamran Əliyev Tərtərdə törədilmiş cinayətlə bağlı məlum açıqlamaları ilə etimad limitini aşıblar. Xatırladım ki, Xanlar Vəliyev həmin cinayət barədə yüzlərlə zərərçəkmişin açıqlamalarını “nağıl”, Kamran Əliyev isə “absurd” adlandırmışdı. Amma hər bir halda istintaq yalnız hüquq çərçivəsində aparılmalıdır və şəxsən öz adımdan deyirəm ki, hətta o cür ağlasığmaz cinayətləri törədənlərə qarşı da qanunsuzluq olacaqsa, bunu ilk ictimailəşdirən, buna durmadan kəskin etiraz edən mən olacağam. Ona görə ki, Tərtər qətliamı təkcə insanlara və insanlığa qarşı cinayət deyil, o, həm də dövlətçiliyə, xalqa, xalqın qüruruna və heysiyyatına qarşı törədilmiş çox çirkin əməldir. O, hərtərəfli öz hüquqi qiymətini almalıdır ki, biz dövlət və xalq olaraq qanun çərçivəsinə, hüquq müstəvisinə qayıda bilək. Bütün bu, cinayətlərin səbəbi bizim ölkənin hüquq müstəvisindən çıxması olub, hüquq isə dövlətin yeganə etibarlı dayağıdır. Tərtər qətliamının araşdırılması bu dayağın bərpasına xidmət etməlidir. Fikrimcə, strateji hədəflərdən biri və bəlkə də birincisi bu olmalıdır.

 

Sual: Bayaqkı sualı nahaqdan vermədim. Çünki siz də bilirsiz ki, bu məsələdə çox böyük ranqlı şəxslərin adları çəkilir. Məsələn, hazırki hərbi prokuror Xanlar Vəliyev, birinci ordu korpusunun komandiri general-mayor Hikmət Həsənovun, keçmiş Baş Qərargah rəisi və həmçinin Rusiyanın adamı kimi tanınan Nəcməddin Sadıqovun adları hallandırılır. Və məhz bu məsələdə Rusiya amilinin rol oynadığı vurğulanır. Sizcə, Rusiya bu məsələnin obyektiv araşdırılmasına imkan verəcəkmi? Və ya Azərbaycan bu amili gözə və ya qarşısına ala biləcəkmi?

 

Cavab: Tərtər qətliamını araşdırdığım 4 ildən artıq müddətdə mən də bu məsələlər üzərində daim düşünmüşəm, bu haqda açıqlamalarımda, müsahibələrimdə dəfələrlə danışmışam. Əlbəttə, hər şey heç də bizim düşündüyümüz kimi birmənalı deyil, amma bizim reallıqda cinayət törətmiş istənilən ranqlı şəxsin layiqli cəza alması üçün siyasi iradənin olması kifayət edir. Qanun yalnız hamı üçün işləyəndə qanun olur. Əgər bu gün bir dövlətin himayəsində olan cinayətkar cəzasız qalacaqsa, bu, gələcəkdə başqaları üçün də presedent ola bilər. Üstəlik də söhbət dediyim kimi, dövlətə və dövlətçiliyə qarşı törədilmiş cinayətdən gedirsə, burda kifayət qədər prinsipial mövqe ortaya qoyulmalıdır. Xarici dövlətin sifarişi ilə orduya qarşı cinayət törədənlərin cəzasız qalması sabah da kimlərisə siyasi hakimiyyətə və ya bütövlükdə dövlətə qarşı istənilən cinayətə şirnikləndirə bilər. Bunlar isə istər xalq, istər dövlət, istərsə də hakimiyyət üçün fundamental məsələlər olduğundan onlarla bağlı heç bir kompromissdən, güzəştdən söhbət gedə bilməz.

 

Sual: Bu məlumatlardan bir gün əvvəl Azərbaycan Ordusunun Üçüncü Ordu Korpusunun komandanı general-mayor Mübariz Rzayev vəzifəsindən azad olunması ilə bağlı xəbərlər yayıldı. Yerli mətbuatda onun məhz azad olunması ilə bağlı fikirlər var. Mübariz Rzayevin vəzifəsindən azad olunmasının “Tərtər işi” ilə bağlı hansısa bir əlaqəsi ola bilərmi?

 

Cavab: Bəzi zərərçəkmişlər general Mübariz Rzayevin həmin cinayətin törədildiyi dövrdə zaman-zaman işgəncə məkanında göründüyünü bildirsələr də onun bu işlərdə birbaşa iştirakı barədə dolğun informasiyaya rast gəlməmişəm. Belə fikirlər də var ki, onun istefası Müdafiə Nazirliyinin daxilində gedən intriqaların nəticəsidir. Bu versiya daha inandırıcı görünür, çünki Azərbaycan Ordusuna qarşı davamlı düşmənçilik etmiş keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov vəzifəsindən kənarlaşdırılsa da onun “kabusu” hələ də bu qurumun üzərində dolaşmaqdadır. “Kabus” dedikdə, mən Sadıqovun kriminal dəstəsini nəzərdə tuturam.

 

Sual: Bu məlumatların yayılması ölkə başçısının Brüssel sammitində iştirakından sonraya təsadüf edir. Ola bilərmi Avropadakı rəsmilərdən kimsə bu məsələnin araşdırılmasını prezidentdən istəsin? Çünki belə versiyalar da var.

 

Cavab: Milli Məclisin deputatı Səməd Seyidov yuxarıda qeyd etdiyim açıqlamasında Tərtər qətliamına dair Avropa Şurası ilə uzun müddət müzakirələrin aparıldığını da qeyd edir. İstisna eləmirəm ki, bu cinayətin 4 ildən artıqdır araşdırılmaması ilə əlaqədar Azərbaycan hakimiyyətinə müəyyən xarici təsirlər də ola bilərdi və olub da. Amma Azərbaycan hakimiyyətinin nədən daim daxili məsələlərin araşdırılmasını uzadaraq xarici təsirlərə rəvac verməsi heç də anlaşılan deyil. Tərtər qətliamının araşdırılması və onun ağır nəticələrinin aradan qaldırılması ilk növbədə Azərbaycan dövlətinin və hakimiyyətinin marağında olmalıdır. Mən təsadüfən həmin hadisəni “Əsrin cinayəti” adlandırmamışam, çünki son bir əsrə yaxın bir dövrdə Azərbaycanda ikinci belə miqyasda və bu qəddarlıqda cinayət olmayıb. Tərtər qətliamına dair atacağımız addımlar bizi ya xilas, ya da məhv edəcək.

 

Sual: Bu ilin iyununda Avropa Şurası Parlament Assambleyasının 24 üzvü “Tərtər işi” kontekstində Azərbaycanda işgəncələrin araşdırılması və bu məqsədlə assambleyanın məruzəçisinin təyin edilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu məsələnin aqibəti nə oldu?

 

Cavab: Bildiyim qədər bu haqda Avropa Şurası ilə danışıqlar olub və Azərbaycan hakimiyyəti cinayətin ədalətli araşdırılacağına söz verib. İndi qalır xalqa da söz vermək və hər iki sözə əməl etmək. Buna da alternativ yoxdur. Məsələnin uzun aylardır gündəmdən çıxmaması ölkədə Tərtər cinayətinə olan həssas münasibətin təzahürüdür. Həyatının 4 ildən çoxunu bu cinayətin araşdırılmasına həsr etmiş birisi olaraq deməliyəm ki, Tərtər cinayəti ya öz hüquqi qiymətini alacaq, ya da ölkəni çalxalamaqda davam edəcək. 2018-ci ildə Bakıda olarkən həmin cinayətin qurbanı olmuş, dəhşətli işgəncələrdən keçmiş 2 nəfərlə görüşdüm. O zaman insanlar görüşüb başlarına gətirilənləri danışmaqdan belə qorxurdular. Bu gün yüzlərlə insan bu haqda açıq danışır. Ortada heç bir sübut, cinayət faktı olmadan uzunmüddətli həbsə məhkum olunmuş 25 nəfər günahsız hərbçimiz hələ də həbsdədir, onlarla uşaq atasız böyüyür, onlarla ailə başsız qalıb, onlarla ailə dağılıb, illərdir işsiz qalan iki minədək hərbçinin ailəsi yoxsulluq içində batır və nəhayət, Azərbaycan dövlətinin təhlükəsizliyi, müdafiə qabiliyyəti sarsıdılıb, insanların dövlətə inamı ciddi zədələnib. Bütün bunlara görə Tərtər qətliamını törətmiş cinayətkarların istisnasız olaraq hər biri öz layiqli cəzasını almalıdır. Gunahsızlara bəraət, qətlə yetirilənlərə isə şəhidlik statusu verilməli, zərəçəkmişlərə və onların ailələrinə təzminatlar ödənilməlidir. Tərtər qətliamı ilə bağlı parlament tərəfindən müvafiq sənədlər qəbul edilərək Azərbaycan xalqına edilmiş həqarət aradan qaldırılmalıdır. Yalnız bu halda tariximizin utancverici səhifəsi olan Tərtər qətliamı mövzusu bağlana bilər. Bütün bunlar da biz azərbaycanlıların görməli olduğumuz işdir, hansısa xarici ölkənin və ya beynəlxalq təşkilatın yox.