Çevriliş cəhdi? – II YAZI

I YAZI

.

Dadaş Əhmədli, politoloq

.

Hakimiyyətin ritorikası, informativ basqılar və repressiyalar iki bəyanatın verilməsi ilə əlamətdar oldu. Maraqlıdır ki, bəyanatlar tamam başqa-başqa cinahları təmsil edən qüvvələrə məxsus olsa da, tarix etibarilə eyni günə təsadüf etdi. Onlardan birincisi Əliyevlər hakimiyyətinin boz kardinalı hesab edilən və ötən ilin sonlarından görəvdən alınan Ramiz Mehdiyevin bəyanatıdır. Bəyanatın mətnindən Mehdiyevin həm aman diləməsi, həm də onunla hesablaşılmayacağı təqdirdə hakimiyyət üçün təhlükələrin yarana biləcəyi hiss edilir. Qəribədir ki, akademik hakimiyyəti milli birliyə çağırmaqla, düşmənin Ermənistan olduğunu xatırlatmaqla bir növ müxalifətə yönəlik basqıların da səngidilməsinin vacib olduğunu vurğulamış olur.

.

Digər bəyanatın müəllifi isə AXCP sədri Əli Kərimli oldu. Onun bəyanatı da hakimiyyət qarşısına “şərtlər” qoymuş kimi təqdim edilsə də, daha çox siyasi manevr üslubunda idi. AXCP sədrinin bu davranışını şərh edən  “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, AXCP sədri mənəvi məsuliyyətini dərk edərək belə bir bəyanat verir: “Əli Kərimlinin ətrafındakılar həbs olunur, böyük təzyiq var. Bizdə olan məlumata görə, həbs edilənlərdən işgəncə yoluyla Əli Kərimliyə qarşı ifadə almaq cəhdləri var. Lider azadlıqda qalıb, ətrafındakıları zindana salırlar. Belə bir vəziyyətdə mənəvi baxımdan məsuliyyətini başa düşür, ona görə də bəyan edir ki, “mən kənarda deyiləm, məsuliyyəti daşımağa hazıram”… Əli Kərimlinin addımı da budur. Ətrafındakı adamlarla, həbs olunanlarla həmrəylik nümunəsidir. Onlar görsün ki, liderləri onların arxasında gizlənmir”.  

.

Əli Kərimlinin ikinci “şərti” isə normal şərait yaradılacağı təqdirdə payızda partiyanın qurultayının keçiriləcəyi və özünün AXCP sədri postundan gedəcəyidir. Hakimiyyətin bu təkliflərə münasibəti yaxın zamanlarda həbs olunmuş cəbhəçilərlə bağlı qəbul edəcəyi qərarla özünü göstərəcək. Bu məsələdə Washington Post qəzetində iyulun 29-da İlham Əliyevin ölkədə müxalifətin boğulmasına yönəlmiş siyasətini kəskin tənqid edən redaksiya məqaləsinin də rolu ola bilər. Yəqin ki, Azərbaycan iqtidarı bu məqaləni gözardı etməyəcək.

.

AXCP-nin hakimiyyətin nişangahına gəlməsinin bir səbəbi də görünür ki, İlham Əliyevin xalqla qarşıdurma vəziyyətində olduğunu danmaq üçün bu partiyanı hədəf seçməsidir. Hakimiyyətin daha güclü oldugu dönəmdə ölkə rəhbəri AXCP-Müsavat deyərək iki təşkilatı təqsirləndirirdi. İndi isə hakimiyyətin vəziyyəti daha çətin olduğu dönəmdə AXCP-ni tək olaraq hədəf göstərir. Bu məsələdə AXCP rəhbərliyinin özünü müxalifətdən ayrı salmasının da rolu az deyil. 2013-cü ilin sonundan soyuqlaşmış AXCP-Müsavat münasibətləri yalnız 2018-ci ilin sonlarına doğru isinməyə başlamışdı ki, 2019-cu ilin 19 Yanvar mitinqindən sonra vəziyyət yenə dəyişdi. Bu da Əli Kərimlinin həmin mitinqində hissə qapılaraq özünü tək lider kimi təqdim etməsindən yarandı. Ertəsi gün 20 Yanvar şəhidlərini ziyarət edərkən artıq müxalifətə qarşı basqılar özünü göstərməyə başladı. Həmin aksiyada Müsavat üzvlərinə psixoloji təzyiq göstərildiyi halda, AXCP üzvlərinə qarşı fiziki zor tətbiq edildi.

.

Deyəsən, məhz həmin zamandan hakimiyyət müxalifət daxilində yaranmış ikitirəlikdən istifadə etməyə başladı. Həmin günlərdə müsahibə verən Əli Kərimli “mən səfirlərlə görüşdüm, onlarla danışdım” kimi ifadələr işlədərək elə təəssürat yaradırdı ki, elə bil diplomatik korpus nümayəndələrini uşaq kimi danlayırmış. Və tezliklə əlində olan TV kanalları vasitəsiə daha radikal çıxışlar edən və populyarlığını artıran bu kəsim ölkədə tək müxalifətin Milli Şura və AXCP-dən ibarət olduğunu vurğulamaqla özünü digər müxalif qüvvələrdən ayırdı və bununla da hakimiyyətin əlinə fürsət vermiş oldu.

 .

İlham Əliyevin çıxışında çevrilişdən danışmasının ölkə sərhədləri kənarından körüklənməsini qeyd etmişdim. Sonrakı çıxışlarının birində o, Ermənistana “təkbətək döyüş” təklif etməklə işğalçı ölkənin arxasında daha böyük gücün olmasına işarə etmişdi. Ölkə başçısı Rusiyanın adını çəkməyə cəsarət eləməsə də, dolayısı ilə məhz bu ölkənin müharibənin körüklənməsində maraqlı olduğunu etiraf etmidi. Bəs nədən Rusiya müharibəyə başlamaq fikrinə düşsün və ya Azərbaycanda çevriliş etməyə cəhd göstərsin?  Bu, İlham Əliyevin nisbətən müstəqil siyasət yeritmək istəyi ilə bağlı ola bilərmi?

.

Heç kimə sirr deyil ki, Heydər Əliyevin dövründə başlamış “balanslaşdırılmış siyasət” oğul Əliyevin zamanında bu balansı Rusiyanın xeyrinə xeyli pozmuşdu. İlham Əliyev nə qədər “müstəqil siyasət” yürütdüyünü iddia etsə də, əsas qərarların Kremldən gəldiyi həssas müşahidəçilərin diqqətindən yayınmırdı. Azərbaycanda həyata keçirilən siyasi kurs demək olar ki, Rusiyanın siyasətinin birə-bir eyni idi. Qanunvericilikdən tutmuş, prezident administrasiyasındakı dəyişikliklərə, QHT-lərə münasibətə qədər hər şey “copy paste” sistemi üzrə həyata keçirildi. 2016-cı ilin Konstitusiyaya dəyişiklik üzrə referendumundan sonra isə vəziyyət dəyişməyə başladı. Mehriban Əliyevanın 1-ci vitse-prezident təyin edilməsi, hakimiyyətin ona ötürüləcəyi ilə bağlı söz-söhbətlərin başlaması hakimiyyət daxilində hansısa proseslərin getdiyindən xəbər verirdi. Birinci xanımın birinci vitse-prezident təyin edilərkən saray əhlinin çaşqınlıq içərisində qalması, üzlərdəki heyrət dolu və tərəddüdlü baxışlar və nəhayət, baş prokuror Zakir Qaralovun yerindən atılaraq əl çalmağa başlaması bu proseslərin ictimaiyyətə görünən tərəfləri idi.  Aysberqin görünməyən hissəsi isə daha böyük olur…

.

Davamı olacaq…

.

Basta

.