SMS icazə ləğv olunur, çimərliklər açılır

Azərbaycanda cümə axşamından etibarən SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalından icazə vasitəsi ilə tərk etmək qaydası aradan qaldırılır, çimərliklər açılır, Nazirlər Kabineti yanından operativ qərargahın məlumatında belə deyilir.

Koronavirus pandemiyasına görə ölkənin bəzi rayon və şəhərlərində tətbiq olunan sərt karantin rejimi yumşaldılır, SMS icazə ləğv olunur, çimərliklərin fəaliyyətinə icazə veriləcək.

Ancaq ölkə ərazisində 13 şəhər və rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi sabit qalır, həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qurum bildirir ki, ölkə üzrə çimərliklərin istifadəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələbləri əsasında müəyyən edilən qaydalar çərçivəsində icazə verilir.

COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayon və şəhərlərində sərtləşdirilmiş xüsusi karantin rejimi 31 avqust gecəyarısınadək tətbiqi davam etdirilir.

13 şəhərdə məhdudiyyətlər

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:

Avqustun 5-dən 31-dək həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti

8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək məhdudlaşdırılır.

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonun nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və Mall-ların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər qüvvədə qalır.

Bundan başqa, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla),

açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması qüvvədə qalır.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.

Toy, nişan, ad günləri, yas mərasimlərinin keçirilməsi qadağandır

Avqustun 31-i gecəyarısınadək ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması (xüsusi və çarter reysləri istisna olmaqla), xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) kimi məhdudiyyətlər qalmaqda davam edir.

ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağası qüvvədə qalır.

İri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması, əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması, idman, sağlamlıq-bərpa (tibbi xidmətlər istisna olmaqla) üzrə xidmətlərin dayandırılması, mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması qadağası qüvvədədir.

Bundan başqa, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi, toy məclislərinin təşkili, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla) qadağandır.

Həmçinin, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda toplaşması, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti, massaj və hamam xidmətlərinin göstərilməsi də qadağalar siyahısındadır.

Azərbaycan koronavirusa ilk yoluxma faktı fevralın 28-də qeydə alınıb.

İndiyədək ölkədə 32 mindən çox şəxs bu virusa yoluxub. 460-dan çox şəxs vəfat edib.

Basta