ABŞ Rusiyanın Ukraynanı sarsıtmaq taktikalarını bildiyi barədə xəbərdarlıq edir
ABŞ Dövlət katibi Antoni Blinken bazar günü Rusiyaya xəbərdarlıq edib ki, Vaşinqton Moskvanın Ukrayna hökumətini sarsıtmaq üçün istifadə edə biləcəyi “bütün taktika və üsullar” haqda məlumatlıdır, lakin Şərqi Avropada gərginliyin azaldılması ümidi ilə diplomatik danışıqları davam etdirəcək.
“Əlbəttə, ola bilsin ki, rusların məşğul olduğu diplomatiya sadəcə fəaliyyət göstərməkdən ibarətdir və bu, onların Ukraynaya müdaxilə edib-etməmək və ya hər hansı bir şəkildə müdaxilə barədə yekun qərarına təsir etməyəcək”, Blinken NBC tele kanalına müsahibəsi zamanı deyib. “Lakin biz diplomatiyanı sona qədər… bacardığımız qədər və uzun müddətə davam etdirməliyik, çünki bu, işi sona çatdırmaq üçün daha məsuliyyətli yoldur”, o əlavə edib.
Blinken CNN tele kanalına verdiyi ayrı müsahibədə Moskvaya qarşı ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxilə edəcəyi təqdirdə tətbiq edəcəyinə söz verdiyi sərt iqtisadi sanksiyaların dərhal tətbiq etməsini istisna edib. Rusiya keçmiş Sovet respublikası olan Ukrayna ilə sərhədin yaxınlığında 127 min əsgər cəmləşdirib.
“Onlar indi tətbiq edilərsə, çəkindirici qüvvəni itirəcəksiniz”, Blinken mümkün sanksiyalar haqqında deyib.
CNN-də Blinkendən sonra danışan Ayova ştatından respublikaçı senator Coni Ernst Co Bayden administrasiyasını Ukraynaya qarşı təhdidlərlə bağlı Rusiya ilə münasibətlərdə “sakitləşdirmə doktrinası” yürütməkdə ittiham edib.
“Sanksiyalar indi tətbiq edilməlidir. Prezident Putin yalnız güc və hakimiyyəti başa düşür. Biz qəti qərarlı olmalıyıq”, Ernst deyib.
Blinken Britaniya kəşfiyyatının Rusiyanın Ukrayna hökumətini moskvayönlü administrasiya ilə əvəz etməyə çalışması ilə bağlı məlumatını şərh etməkdən imtina edib. Moskva bu iddianı rədd edib.
“Britaniya Xarici İşlər Nazirliyinin yaydığı dezinformasiya Ukrayna ətrafında gərginliyi artıranların anqlosaksların başçılıq etdiyi NATO ölkələri olduğuna bir daha sübutdur”, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram messencer kanalında bildirib.
“Biz Britaniya Xarici İşlər Nazirliyini təxribat xarakterli hərəkətləri dayandırmağa, cəfəngiyyat yaymağı dayandırmağa çağırırıq”, o əlavə edib.
Blinken NBC telekanalında müsahibə zamanı deyib ki, Rusiya qüvvələrinin Ukrayna yaxınlığında kütləvi şəkildə yerləşdirilməsi ilə bağlı dünyanın məlumatlılığı ilə yanaşı, “bütün dünyada, istər Avropada, istər ABŞ-da, istərsə də ondan kənarda insanların nələrin ola biləcəyini başa düşməsi vacibdir: müdaxilə üçün saxta bəhanə yaratmaq və cəhd etmək üçün əməliyyatlar. İnsanların bunun da, o cümlədən Ukraynanı hədəf alan kiberhücumlar və digər pozuntuların da ssenaridə olduğunu bilməsi vacibdir”.
ABŞ Dövlət katibi Antoni Blinken şənbə günü Twitter hesabında Ukrayna ilə Rusiya arasında gərginliyin artmaqda davam etdiyi bir vaxt Estoniya, Latviya və Litvanın ABŞ istehsalı olan tank və zenit raketlərini Ukraynaya göndərməsinə icazə verdiyini yazıb. Blinken həmçinin keçmiş sovet respublikalarına və NATO üzvlərinə Ukraynaya göstərdikləri davamlı dəstəyə görə təşəkkür edib.
amerikanın səsi