19 erməni hərbiçi xarici dövlətə casusluğa görə həbs edilib
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat idarəsi Ermənistan ordusu sıralarında xarici dövlətə casusluq edən şəbəkəni ifşa edib. Bu barədə fevralın 10-da Ermənistan KİV-ləri məlumat yayıb.
Xarici kəşfiyyat sosial şəbəkələrdə erməni qadınlar adından saxta səhifələr yaradıb və bu səhifələr vasitəsilə hərbiçilərlə tanış olub.
Erməni dilini yaxşı bilən xarici kəşfiyyat əməkdaşları internet vasitəsilə tanışlıq və etibarlı münasibətlər qurublar. Daha sonra əməkdaşlıq – pul müqabilində hərbi hissələrin yeri, şəxsi heyəti, silahları, döyüş sursatları, döyüş texnikasının miqdarı və növü, komanda heyəti, texnika və s. haqqında məlumat vermək təklif edilib.
Casus şəbəkəsinə orduda müxtəlif vəzifələr tutan iyirmiyə yaxın Ermənistan vətəndaşı cəlb edilib. İlkin istintaq zamanı dövlətə xəyanətdə şübhəli bilinən 19 nəfər saxlanılıb, onların bəziləri etiraf xarakterli ifadələr veriblər. 30-a yaxın axtarış aparılıb, sənədlər, çeklər müsadirə edilib.
Ermənistan tərəfi hərbi qulluqçuların hansı dövlətə casusluq etdiyini açıqlamır. Onların adları, vəzifələri və xidmət etdikləri yerlər də açıqlanmır. Eyni zamanda, onların bir hissəsinin Müdafiə Nazirliyi sistemində xidmət etdiyi məlumdur.
Xatırladaq ki, İkinci Qarabağ Müharibəsi zamanı (2020-ci ilin payızı) və müharibə başa çatdıqdan sonra Ermənistanda və Qarabağda Azərbaycanın xeyrinə casusluq ittihamı ilə 10-a yaxın hərbiçi, o cümlədən Müdafiə Nazirliyinin zabiti həbs edilmişdi.
Turan