İtaliya rəsmisi Rusiya qazını əvəz edəcək üç ölkə sırasında Azərbaycanın da adını çəkib

İtaliyanın xarici işlər nazirinin müavini Manlio Di Stefano ölkənin Rusiya qazından asılılığını Əlcəzair, Türkmənistan və Azərbaycanın hesabına azaltmağın zəruriliyini açıqlayıb.

 

“Avropanın qalan hissəsində olduğu kimi, bizdə də Rusiyadan asılılıq problemi var. İlin əvvəlində Moskva Ukrayna marşrutu ilə bizim üçün nəzərdə tutulan qaz axınını demək olar ki, iki dəfə azaldıb.

 

Enerji təhlükəsizliyimizi təhdid edən bu qərar yəqin ki, həm də siyasi motivlidir, təcili tədbirlər tələb edir. Biz orta və uzunmüddətli perspektivdə bərpa olunan enerji mənbələri haqqında düşünməliyik, lakin biz qısamüddətli perspektivdə  ən etibarlı tərəfdaşlarla işləməliyik” – deyə o, “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

 

Nazir müavininin sözlərinə görə, Əlcəzair belə tərəfdaşdır və Azərbaycan qazının nəql olunduğu Trans-Adriatik Qaz Boru Kəməri (TAP) mənbələrin şaxələndirilməsi üçün vacibdir.

 

Di Stefano təsdiqləyib ki, İtaliya TAP-ın gücünü 10 milyard kubmetr təbii qaza çatdırmağı gözləyir.

 

“Digər perspektivli istiqamət Xəzər dənizində TAP kəməri ilə birləşdirilə bilən Türkmənistandır”, – nazir müavini bildirib. O, vurğulayıb ki, Xəzər dənizi “Rusiyanın təsir zonasına” daxildir və onun dibi ilə qaz kəmərinin çəkilməsi “bizdən asılı deyil”.

 

“Ancaq Türkmənistan dünyanın ən böyük yataqlarından birinə malikdir. Hindistan və Çin istehlakı artırır: bu gün özümüzü resurslarla təmin etməsək, ehtiyat əldə etməkdə getdikcə daha çox riskimiz var” – Di Stefano deyib.

 

Fevralın əvvəlində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla telefon danışığı olub. Bununla bağlı İtaliya XİN məlumat yayıb ki, Trans-Adriatik qaz kəməri ilə Apennin adalarına 8 milyard kubmetrə yaxın Azərbaycan qazı nəql olunur, yəni boru kəmərinin gücündən 80 faiz istifadə olunur.

 

Xarici işlər nazirinin müavini daha sonra “təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin artırılması məqsədilə” strateji planda TAP-ın tutumunun iki dəfə artırılmasının məqsədəuyğun olduğunu bəyan edib. Eyni zamanda bildirilib ki, uzunmüddətli perspektivdə bu infrastruktur obyektindən hidrogenin nəqli üçün istifadə oluna bilər.

 

Heybət Əmrah

 

Basta