Fərəc Kərimli: “Əgər Rusiya ərazi bütövlüyümüzü dəstəkləyirsə, o zaman Qarabağda erməni separatçıları ilə aramızda niyə sipər olub?”

İlin 11 ayını dostun-tanışın yanında Rusiyanın Azərbaycan xalqının başına gətirdiyi bəlalardan danış, artist kimi hakimiyyətin pis əməllərinə don geydirmək üçün hakimiyyət içində “5-ci kolon” axtar, Xocalı deyib, rusun 366 alayı qırdı deyib ildə bir dəfə üzünü-başını cır, sonra da İlham Əliyevin əməllərinə haqq qazandırmaq üçün maska tax!

 

Bəziləri bu gün Rusiyayla imzalanan bəyannamədən “bir birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik” bəndini və bu kimi bəndləri paylaşıb haqq qazandırır. Əgər Rusiya ərazi bütövlüyümüzü dəstəkləyirsə, o zaman Qarabağda erməni separatçıları ilə aramızda niyə sipər olub? Ümumiyyətlə ərazimizdə Arayikin prezident olduğu qondarma respublika niyə var? Budur ərazi bütövlüyü?

 

Ukrayna müharibə zamanı Azərbaycana siyasi dəstək verdi, elə rəsmən 2 milyon dollarlıq dərman yardımı etdi, başqa yardımları da olduğunu bilirsiniz. Rusiya isə 3 min şəhidimiz, minlərlə yaralımızın olmasına səbəb olan hərbi yardımı, silah-sursatı Ermənistana verdi, Putin özü dedi ki, Azərbaycanla Ermənistan arasında balans yaratmaq üçün Ermənistana hər cür yardım etdi. Bax bunları bilə-bilə bir Azərbaycan vətəndaşı Rusiyayla olan hər hansı bir müqaviləyə necə haqq qazandıra bilər? Belə çıxır ki, şəhidlərimiz, qazilərimiz haqda dedikləriniz, Xocalı soyqırımı, 20 yanvar faciəsi, Rusiyanın başımıza gətirdiyi bəlalar haqda bu günə qədər dediyiniz başqa sözlər də saxta olub?

 

Ümumiyyətlə Rusiyanın “5-ci kolon”u necə olur? Mütləq hakimiyyətdə yüksək vəzifə tutmur ki. Vəzifədə olan “qlavarlar” da olur, kütləvi şəkildə Rusiyanın addımlarını dəstəkləmək üçün, hadisəni cəmiyyətə müsbət hal kimi təqdim edərək ictimai rəy yaratmaq üçün daha çoxsaylı olan agentura şəbəkəsi də olur, biraz da onların xoruna qoşulanlar olur. Bu şəbəkənin içində fəhləsi də, ustası da, bank işçisi də, tələbəsi də, müəllimi, jurnalisti, siyasətçisi və s. kimiləri də olur. Və elə bir tozanaq qoparırlar ki, at izi it izinə qarışır.
Əmin olun ki, bu adamlar vətəni də satmağa hazırdırlar. İndidən aparılan bu təbliğat satqınlığın bazasıdır.

 

Yazı Müsavat başqanının müavini Fərəc Kərimlinin feysbuk səhifəsindən götürülüb.

 

Basta