Rusiya Zaporojyedə Atom Elektrik Stansiyasını ələ keçirdi – Yenilənib

 

Zaporojye AES-in enerji blokları toxunulmaz olaraq qalır, hazırda radiasiya vəziyyətində heç bir dəyişiklik qeydə alınmayıb.

 

Ukraynanın Dövlət Nüvə Tənzimləmə Qurumunun məlumatına görə, indi  AES-in yerləşdiyi ərazi Rusiya Federasiyasının hərbi qüvvələri tərəfindən ələ keçirilib.

 

***

 

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirir ki, Zaporojye AES-də yanğın söndürülüb. Yanğın sahəsi 2000 kvadratmetr olub. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

 

***

 

Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını atəşə tutub. Hücumlar nəticəsində enerji bloklarından birinin yaxınlığında yanğın başlayıb. Ukraynanın fövqəladə hallar xidmətləri üçüncü enerji blokunun vahid enerji sistemindən ayrıldığını elan edib.

 

Kiyev vaxtı ilə səhər saat 3-ə olan məlumata görə, altı blokdan yalnız biri işləyirdi.

 

“Avropanın ən böyük AES-də real nüvə təhlükəsi var,” stansiyanın sözçüsü Andrey Tuz deyib: “Onlar birinci enerji blokunu vurdular, xilasedicilər vaxtında yanğını söndürməyə başlaya bilməyiblər, çünki atəşə tutulublar”.

 

Zaporojye AES-də nüvə təhlükəsizliyi pozulub, bu barədə Ukraynanın “Enerqoatom” şirkəti Zaporojye AES-in baş direktoru vəzifəsini icra edən İqor Muraşova istinadən məlumat yayıb.

 

“Biz mümkün olan hər şeyi edirik, lakin yanğın davam edir, yanğınsöndürənlərə icazə verilməyib. Böyük təhlükələr var. Stansiyada döyüşlər gedir. Reaktorlar təhlükədədir”, – İqor Muraşov bildirib.

 

Daha sonra yanğınsöndürənlərin atom elektrik stansiyasına daxil olmasına icazə verilib, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Starux bildirib.

 

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Müşahidə kameraları  yanğından əvvəl raketlərin atom elektrik stansiyasına doğru necə uçduğunu qeydə alıb.

 

Ukraynanın fövqəladə hallar xidməti həmçinin bildirib ki, Kiyev vaxtı ilə səhər saat 3-də AES-də radiasiya və yanğın vəziyyəti normal həddədir.

 

Atom elektrik stansiyasının atəşə tutulması ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski videomüraciət yazıb: “Avropanın ən böyük atom elektrik stansiyası yanır. Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bu tanklarda termal kameralar var. Onlar harda olduğunu bilirlər. Buna hazırlaşırdılar. Bütün ukraynalılara, avropalılara və “Çernobıl” sözünü bilən hər kəsə müraciət edirəm. O partlayış qlobal fəlakətə çevrildi.Yüz minlərlə insan onun fəsadları ilə mübarizə apardı. Rusiya bunu təkrarlamaq istəyir. Tariximizdə ilk dəfədir ki, ölkə nüvə terroru ilə məşğuldur. Rus təbliğatçıları dünyanı radioaktiv külə çevirəcəklərini bildiriblər. İndi bu, sadəcə bir hədə deyil. İndi bu, reallıqdır”.

 

Basta