Rusiyada böhran başlayır
Dadaş Əhmədli, politoloq
Yalnız dünən aşkarlanmış bir neçə hadisə Rusiyada vəziyyətin son dərəcə ağır olduğunu təsdiqlədi. Bunlar hansılardır:
• Rusiya prezidenti Vladimir Putinin müdafiə naziri Sergey Şoyqu ilə ağır keçən telefon danışığının ortaya çıxması.
• Putinin stüardessalarla görüşünün fake (saxta) olmasının aşkarlanması.
• Rusiya təyyarəsinin xüsusi reyslə ABŞ-a uçması (xatırladım ki, ABŞ hava məkanı Rusiya təyyarələri üçün qapalıdır və bu təyyarənin uçuşuna icazə verilməsi onun çox əhəmiyyətli olduğunun göstəricisidir) və s.
• Rusiyalı oliqarxların və təkcə onların deyil, adi insanları və tanınmış sənət adamlarının Alla Puqaçova kimi) ölkədən qaçmağa cəhd etmələri ilə bağlı yayılan məlumatlar.
Əlbəttə, vəziyyətin ağırlığının göstəricisi kimi ölkədə başlamış və artan xətlə davam edən narazılıqları da göstərmək olar. Və yəqin ki, bu amil gələn həftənin əvvəlində özünün çox ciddi təsirlərini göstərəcək və ola bilər ki, vəziyyətin kökündən dəyişməsində həlledici rol oynayacaq. Ancaq hələlik, yuxarıda göstərilən dörd məsələ üzərində diqqətimizi cəmləyək. Çünki bunlar sırf hakimiyyət daxilində ciddi böhranın və parçalanmanın olduğunu əyani şəkildə ortaya qoymuş oldu. Beləliklə, hansı nəticələri çıxarmaq mümkündür?
1. Prezident V. Putin iddia edildiyi kimi Kremldə deyil, hansısa bunkerdə gizlənir və son dərəcə panik vəziyyətdədir. Bu vəziyyəti ört-basdır eləmək üçün çabalar özünü doğrultmur.
2. Hakimiyyət daxilində çox ciddi parçalanma var və tərəflər bir-birilərinin sirlərini yaymaqla, hakimiyyətin bütövlüyünü qorumaqdansa, şəxsi maraqlarının qayğısına qalmaqdadırlar.
3. Ən yüksək səviyyədə məğlub olduqlarını anlayırlar və vəziyyətdən nisbətən az itki ilə çıxmaq və şəxsi təhlükəsizliklərinin təmin edilməsi üçün çaba göstərməkdədirlər.
4. Gələn həftənin əvvəlindən ölkənin xaosa girməsi və hadisələrin tam nəzarətdən çıxması baş verə bilər.
Bütün bunlar isə bir daha sübut edir ki, istər Putin, istərsə də onun ətrafında olanlar üçün insan həyatının heç bir əhəmiyyəti yoxdur, onlar heç zaman Rusiyanı inkişaf etdirmək, xalqın rifah halını yaxşılaşdırmaq barədə heç bir düşüncələri olmayıb. Əsgərlərin müharibədə qırılması, iqtisadi vəziyyətin bəlkə də, yaxın 30 ildə düzəlməyəcəyi barədə düşüncə deyil, yalnız hakimiyyətdə olmaq və şəxsi iddialarını gerçəkləşdirmək duyğusu üstün olub.
Bizim üçün isə ən əhəmiyyətlisi odur ki, şər imperiyası böhran yaşayır və biz onun çöküçünü müşahidə etməkdəyik.
Basta