Prokurorluq işgəncələrin təsvir edildiyi fotonun Azərbaycanda çəkildiyini təkzib edir
Avqustun 12-də Baş Prokurorluq həbs olunanlarla qeyri-insani rəftarın və işgəncələrin əks olunduğu fotolarla bağlı təkziblə çıxış edib. Bu fotolar avqustun 11-də sosial şəbəkələrdə yayılıb və bildirilib ki, bu fotolar DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində polislər tərəfindən çəkilib. Onlar 14-15 iyul nümayişi zamanı həbs olunanları manifestasiya iştirakçılarını belə alçaldıblar.
Baş Prokurorluq bu yazını saxta adlandırıb. “Qeyd olunan fotoların ölkə ərazisində çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edir”, – Baş Prokurorluğun məlumatında deyilir.
Daha sonra məlumatda qeyd olunur ki, fotoda təsvir edilən şəxslər prokurorluq tərəfindən şahid və ya təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməyiblər.
Baş Prokurorluğun bu bəyanatı bir sıra suallar doğurur:
1) Əgər bu şəxsləri prokurorluq cəlb etməyibsə, bu o deməkdirmi ki, onlar polis orqanları tərəfindən cəlb edilməyiblər?
2) Əgər bu fotolar Azərbaycanda çəkilməyibsə, prokurorluq onların adlarını və cəlb edilmədiklərini haradan bilir?
3) Niyə prokurorluq sonuncu fotoda təsvir edilən şəxs haqda heç bir şey demir? Bildirildiyi kimi, o bu fotonu çəkən polislərdən biridir.
4) Və nəhayət, sonuncu və ən əsası: fotoların birində soyunmuş şəxsin fonunda şkafda Azərbaycan bayrağı qoyulub. Prokurorluq hansı xarici ölkədə müəssisələrdə Azərbaycan bayrağının qoyulduğunu açıqlaya bilərmi?
Turan