Litva Seymi Rusiyanı terrorçu dövlət kimi tanıdı
Litva Seymi Rusiya Federasiyasının Ukraynadakı hərəkətlərini soyqırım, Rusiyanı isə terrorçu dövlət kimi tanıyıb.
Litva Seymi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım, Rusiyanı isə terroru dəstəkləyən və həyata keçirən dövlət kimi tanıyan qətnaməni təsdiqləyib.
Bu barədə “Avropa həqiqəti” nəşri xəbər verir.
Seym 128 səslə qətnamənin lehinə yekdilliklə səs verib.
Sənəddə bəyan edilib ki, Rusiya silahlı qüvvələri və muzdluları Ukrayna ərazisində, xüsusən Buça, İrpin, Mariupol, Borodianka və Qostomel şəhərlərində kütləvi hərbi cinayətlər törədiblər.
Sənədə əsasən, Rusiya qüvvələrinin hərəkətləri Ukrayna xalqının tam və ya qismən məhv edilməsinə yönəlib. Ailələrin, o cümlədən uşaqların öldürülməsi, onların oğurlanması, işgəncələrə məruz qalması, yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, zorlanması, işgəncələr və şəxsiyyətin alçaldılması kütləvi hal alıb.
Qətnamədə həmçinin qeyd edilir ki, bütün günahkarlar məsuliyyətə cəlb edilməli və beynəlxalq ictimaiyyət Rusiyanın suveren Ukraynaya təcavüzünü araşdırmaq və qiymətləndirmək üçün Xüsusi Beynəlxalq Tribunal yaratmalıdır.
Bundan əvvəl Estoniya parlamenti Rusiya silahlı qüvvələrinin və hərbi-siyasi rəhbərliyinin hərəkətlərini Ukrayna xalqına qarşı soyqırım kimi tanıyan və bu cinayətlərin araşdırılmasını dəstəkləməyə çağıran bəyanat qəbul edib.
Oxşar bəyanatı Latviya Seymi də təsdiqləyib.
Basta