İki oğlu şəhid olan ana köməksiz qalıb
Fərəc Kərimli
Bu yazını çox böyük kədər və utanc hissiylə yazıram.
8 noyabr Zəfər günündə şəhidlərimizin məzarını ziyarət edərkən bir xanım bizə yaxınlaşıb iki şəhidin anası olduğunu, üçüncü oğlu Hətəmi Elçinin də I qrup əlil və onkoloji xəstə olduğunu, dərmanlarını ala bilmədiyini söylədi. Kömək üçün müraciət etmədiyi yer, qapı qalmayıb, bir nəfər də olsun hələ kömək etməyib.
Xanımla bu gün görüşüb araşdırdıqda məlum oldu ki, həqiqətən iki şəhidin: Hətəmi Vüqar Mədət oğlu və Hətəmi Bəhruz Mədət oğlunun anasıdır. Xanım deyir ki, icra hakimiyyətinə müraciət edib müxtəlif bəhanələrlə kömək etməkdən yayınıblar, deputatlara şəxsən müraciət edib, eyni üsulla ümidləndirərək heç bir kömək etməyiblər, “YAŞAT Fondu”na müraciət edib, orda da bir məsul şəxs utanmazcasına əlini şəhid anasının çiyninə qoyub: “Ana, sənə nə dərman lazımdır, kömək edə bilərik, ancaq oğluna edə bilmirik…” və xanımı yönlədiblər Milli Onkologiya Mərkəzinə. Mərkəzdə də bildirilib ki, onkoloji xəstəliklər sığortaya aid olmadığı üçün və bu dərmanları ölkəyə ancaq bir özəl şirkət gətirdiyi üçün pulsuz dərman verə bilməzlər. Bu qədər!
İndi düşünün, iki oğul şəhid olub, üçüncüsü də “xərçəng” xəstəliyindən ananın gözü qarşısında ölümün bir addımlığındadır. Bu oğlunu da itirdikdən sonra, tutaq ki, ana xəstələndi, dərmana ehtiyacı oldu və həmin vaxtı sizin verdiyiniz dərmana tüpürməzlərmi?! Bilmirəm fikrimi necə ifadə edim ki, mədəni alınsın! O onkoloji xəstənin iki qardaşı şəhid olmasaydı yəqin ki, heç qardaş da onkoloji xəstə olmazdı, olsaydı da dərmanlarını qardaşları ala bilərdi! Lap heç deyək adam şəhidlərin qardaşı deyil, sadəcə vətəndaşdır, pulu olmadığı üçün, dərman ala bilmədiyi üçün ölməlidir adam?! Bəs dövlət nə üçündür?!
Hətəmi Vüqar Mədət oğlu birinci Qarabağ müharibəsində 21 sentyabr 1992 – ci ildə Ağdərə rayonu Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 15 dekabr 1972-ci ildə Tərtər rayonunda anadan olub.
Vüqarın kiçik qardaşı Hətəmi Bəhruz Mədət oğlu isə Azərbaycan torpaqlarının müdafiəsi zamanı 28 yanvar 2008-ci ildə Fizuli rayonu Veysəlli kəndində şəhid olub.
Hər iki qardaş Tərtər rayon Buruc kənd qəbiristanlığında dəfn edilib.

