Türkiyə Azərbaycana Qarabağın azad edilməsində hərbi dəstək göstərəcək – Hulusi Akar
Azərbaycan Müdafiə Nazirliyində Azərbaycan və Türkiyənin hərbi idarə rəhbərlərinin görüşündə iki ölkə arasında hərbi-siyasi əməkdaşlıq məsələləri, birgə genişmiqyaslı taktiki təlimlərin yekunları müzakirə olunub.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə hərbiçilərinin böyük rolunu və Türkiyə ordusunun “dünyanın ən güclü ordularından biri olduğunu” qeyd edib.
“Bəxtimiz onda gətirib ki, biz bu güclü ordu ilə təcrübə bölüşürük. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü Suriyada, İraqda, Liviyada göstərib. İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək”, deyə Zakir Həsənov bildirib.
Cavab nitqində Türkiyənin müdafiə naziri Hulusi Akar qeyd edib ki, Türkiyə ordusu Azərbaycana hər cür dəstək göstərəcək.
“Çox açıq şəkildə bildirmək istəyirəm ki, Xocalıda bütün dünyanın gözləri qarşısında soyqırımı edən, Dağlıq Qarabağı heç bir hüquqi əsası olmadan və qanunsuz şəkildə işğal edən Ermənistana qarşı bütün gücümüzlə, sonadək Azərbaycanın, azərbaycanlı hərbiçilərin yanındayıq. Azərbaycan yalnız deyil. Azərbaycanın haqlı mübarizəsinə olan dəstəyimiz bundan sonra da davam edəcək. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq qardaşlarımızın yanındayıq”, deyə Hulusi Akar bildirib.
Elə bu gün ölkə başçısı İlham Əliyev Türkiyə hərbiçilərindən ibarət nümayəndə heyətini – Hulusi Akarı, Baş Qərargah rəisi Yaşar Güleri, Quru Qoşunları komandanı Ümit Dündarı, HHQ komandanı Hakan Küçükakyüzü, HDQ komandanı Adnan Özbalı qəbul edib.