Laçından çıxarılacaq ermənilər Şuşanın kəndlərinə köçürüləcək?
Ermənistan hakimiyyəti və Qarabağ separatçıları Laçın rayonunda qanunsuz yaşayan ermənilərin köçürülməsi yollarını müzakirə edirlər.
Özünü Qarabağ separatçılarının “ombudsmanı” kimi təqdim edən nümayəndəsi Geqam Stepanyan iyulun 1-də deyib ki, Laçının Zabux və Sus kəndlərində yaşayan ermənilər Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinə köçürülə bilər.
Laçın şəhərindən çıxarılacaq ermənilərə gəlincə, onun sözlərinə görə, bu məsələni Ermənistan hakimiyyəti həll edəcək və çox güman ki, onlara Ermənistanda mənzillər veriləcək.
Geqam Stepanyan bildirib ki, hələ ki Laçın şəhəri, Zabux və Sus kəndlərinin erməni “sakinləri”nin təxliyyəsi üzrə iş aparılmır. Lakin o, həmin ermənilərin Azərbaycanın nəzarətinə keçəcək ərazilərdə qalmasını mümkün hesab etmir və bununla bağlı müvafiq addımlar atılacağını vurğulayıb.
Xatırladaq ki, bu il Xankəndini Ermənistanla birləşdirəcək yeni yolun istifadəyə verilməsilə ermənilər Laçın şəhəri və onun kəndlərini tərk edəcəklər. 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.
Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda rusların nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq.
Söhbət “Laçın dəhlizi” adlandırılan 5 kilometr enindəki zolaqda yerləşən Laçın şəhəri və rayonun 6 kəndi – Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabuxdan gedir.
44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın böyük hissəsi işğaldan azad olundu. Lakin bəzi ərazilər, o cümlədən, Şuşanın əksər kəndləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində, separatçıların işğalı altındadır.
Bura erməniləri “Hin Şen” adlandırdıqları Kiçik Qaladərəsi və “Mets Şen” adı verdikləri Böyük Qaladərəsi kəndləri də daxildir.
Günaz.TV