Rusiya silah axtarışında
Dadaş Əhmədli, politoloq
ABŞ Rusiya rəsmilərinin döyüş pilotsuz təyyarələrini öyrənmək üçün iki dəfə İran aerodromuna getdiyini bildirib. Rusiya nümayəndə heyəti Şahed-191 və Şahed-129 döyüş pilotsuz uçan aparatlarını öyrənmək üçün son bir ayda azı iki dəfə İranın Kaşan aerodromuna səfər edib. Bu barədə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivana istinadən CNN məlumat yayıb.
İyun ayında və iyulun əvvəllərində Rusiya rəsmiləri Tehranın cənubundakı aerodromda olublar və orada onlara dəqiq idarə olunan raketləri daşıya bilən pilotsuz təyyarələr göstərilib. “Bizdə məlumat var ki, İran hökuməti Rusiya Federasiyasına bir neçə yüz pilotsuz uçan aparat, o cümlədən döyüş təyyarələri verməyə hazırlaşır”, – deyə Sallivan CNN telekanalına müsahibəsində bildirib. Ağ Ev kanala Rusiya nümayəndə heyətinin iyun ayında səfəri zamanı bu dronların Kaşanda göstərildiyi iddia edilən peyk görüntülərini təqdim edib. İyulun 11-də Ağ Ev kəşfiyyat məlumatlarına istinadla artıq İranın Rusiyaya Ukraynadakı hərbi əməliyyatlarda istifadə oluna biləcək pilotsuz təyyarələr tədarük etmək niyyətində olduğunu, həmçinin, rus əsgərlərinə onları idarə etməyi öyrətməyə hazırlaşdığını bildirib.
İran pilotsuz təyyarələrin tədarükü iddiasını rədd edib. İyulun 15-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ukraynalı həmkarı Dmitri Kuleba ilə müsahibəsində bu barədə xəbərləri “əsassız” adlandırıb. Onun sözlərinə görə, İran münaqişənin genişlənməsinə səbəb ola biləcək istənilən hərəkətə qarşıdır.
Apreldə İngiltərənin “The Guardian” qəzeti yazıb ki, Rusiya İrandan gələn qaçaqmalçıların köməyi ilə Ukraynadakı müharibə üçün İraqdan silah və sursat alıb. Qəzetin yazdığına görə, Tehran Moskvaya İran istehsalı olan “Bavar 373” zenit-raket kompleksini təqdim edib, həmçinin, Rusiyanın S-300 hava hücumundan müdafiə sistemini geri qaytarıb.
Basta