Səfirliyə soxulmaq bu qədər asandır?

Səxavət Soltanlı, Müsavat başqanının müavini

 

Baş verənlərə münasibət bildirmək üçün ən çox informasiyaya malik olan Böyük Britaniyanın və Azərbaycan dövlətinin (indiki halda hökümətlərin) açıqlqmasını, münasibətini tələb etmək, ondan sonra münasibət bildirmək daha doğru olanıdır.

Yəni London kimi bir şəhərdə hər hansı ölkənin səfirliyinə (ərazisinə) soxulmaq bu qədər asandır?

Azərbaycan dövlətinə qarşı baş verən bir aktın müzakirəsi zamanı ikinci dəfə Azərbaycan cəmiyyətini də ikiyə bölmək, qruplararası konfliktləri dərinləşdirmək, vətəndaşları biri-biri ilə üz-üzə qoymaq, təxribatçıların (əsas təşkilatçının) məqsədlərindən biri ola bilər.

Bu müzakirələrdə elə bir mənzərə yaranır ki, GÜYA Azərbaycanda təhlükəli çoxluq olan hansısa bir radikal dini çoxluq var. Dövlət və cəmiyyət faktiki bu qrupun təhlükəsi ilə yatıb-durur. Bu mənzərə isə Azərbaycan cəmiyyətinin, ölkənin demokratik, dünyəvi və hüquqi dövlət olmasını istəyənlərin, azərbaycansevərlərin maraqlarına qətiyyən uyğun deyil.

Bu işdə əsas məsuliyyət Londonun üzərinə düşür ki, ən qısa zamanda məsələni araşdırıb öz vətəndaşlarına, Azərbaycan dövlətinə və cəmiyyətinə bilgi versinlər.

Yeri gəlmişkən, həmin dini qrup İranın hazırkı rejiminə də qarşı olan bir qrupdur. Bu qeyd məsələni düzgün təhlil etmək üçün bəlkə lazım olar. Adama həqiqətən çox ağır gəlir ki, bir qrup bayrağımızı təhqir edir, səfirliyimizə soxulur biz isə “iransevərlərə” və “sevməyənlərə” bölünüb “döyüşürük”.

Baş verənlər bizi ayrı ayrı qruplar olaraq yox, cəmiyyət olaraq birgə düşündürməlidir.

Düşünək və gözləyək görək bu hadisədən ən çox kim faydalanacaq.