Türkiyənin qarşısının alınmasına Rusiyanın gücü çatmaz – Robert Koçaryan
“Azərbaycan istədiyi zaman qarabağlılar üçün çıxılmaz vəziyyət yarada bilər və bu, Qarabağ hakimiyyəti üçün niyə Azərbaycanla əməkdaşlıq etməli olduğunun daha bir izahı olar”. “Turan”ın məlumatına görə, bu barədə çərşənbə günü Yerevanda keçirilən mətbuat konfransında Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib.
Onun sözlərinə görə, gələcək danışıqlar prosesi Bakı və Stepanakert, müəyyən dərəcədə Moskva arasında aparılacaq. Koçaryan hesab edir ki, “Qarabağ hakimiyyəti müəyyən dərəcədə bu vəziyyətlə barışıb”.
“Bu gün Rusiyanın Azərbaycanla müttəfiqlik münasibətləri var və Rusiyanın Azərbaycana qarşı hərbi əməliyyata başlaya biləcəyini düşünmək gülüncdür, belə bir şey olmayacaq”, deyə o qeyd edib.
Zəngəzur mövzusuna toxunan Koçaryan vurğulayıb ki, İranla hərbi əməkdaşlıq gücləndirilməlidir. “Biz Sünikdə İranla minimum iki hərbi təlim keçirməli idik. Bu, Azərbaycan üçün ən böyük çəkindirici amil olardı”, deyə Koçaryan bildirib.
O, Ermənistanın KTMT-dən çıxması haqqında çağırışları axmaqlıq adlandırıb.
Koçaryan iddia edir ki, 2021-ci ilin mayında İran tərəfi hərbi əməkdaşlığa dair danışıqlar aparırdı, amma Ermənistan hakimiyyəti onları dondurub.
Türkiyənin qarşısının alınmasına gəlincə, Koçaryan əmindir ki, bu gün buna nə Rusiyanın, nə ABŞ-ın, nə Fransanın gücü çatmaz. Bu ölkələrin liderlərinin “milli maraqların müdafiəsi üzrə master-klass nümayiş etdirən” Türkiyə lideri Erdoğana təsiri yoxdur.