İranda polis qəddarlığını göstərən videolar paylaşılır
Hökumət orqanlarının nümayişlərin dayandırılması ilə bağlı xəbərdarlığına baxmayaraq, noyabrın 2-də İran şəhərləri yenidən hökumət əleyhinə etirazlara və azı bir tətilə səhnə olub.
Sosial mediada yayımlanan videolarda 22 yaşlı Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra, sentyabrın ortalarında İranın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir.
Yerli mənbələr İranın qərbindəki Sənəndəc şəhərində insanların ali dini rəhbər Ayətulla Əli Xameneyini nəzərdə tutaraq, “Diktatora ölüm” şüarları səsləndirilən nümayişlər barədə məlumat verib.
Bu arada, Əmininin vətəni, İranın qərbində kürdlərin məskunlaşdığı əraziləri izləyən Kolbarnews qrupu noyabrın 2-də xəbər verib ki, Sənəndəcdəki mağaza sahibləri ümumi tətilə başlayıb.
Etirazlar İranın güclü İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlaminin iranlılara oktyabrın 29-da “iğtişaşların son günü” olduğunu bildirməsinə baxmayaraq davam edib.
Sentyabrın 16-da Əmininin ölümündən sonra ölkə daxilində minlərlə insan ruhani quruma qarşı nümayişlər keçirib.
Hökumətin etirazlara qarşıp zorakılığını göstərən videolar sosial mediada yayılmaqda davam edib. Osloda yerləşən İran İnsan Haqları qrupunun dediyinə görə, etirazçılara tətbiq edilən zorakılıqlar 40-ı uşaq olmaqla, azı 277 nəfərin ölümünə səbəb olub.
Noyabrın 1-də Kürdüstan vilayətində insan haqlarının vəziyyətini izləyən iki qrup – “Kürdüstan İnsan Haqları Şəbəkəsi” və “Hengaw” İranın qərbində yerləşən Bənə şəhərində bir vətəndaşın silahlı təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulması anını əks etdirən video-görüntü yayımlayıb.
Polis noyabrın 1-də internetdə yayımlanan videonun araşdırılacağını bildirib. Videonun nə vaxt çəkildiyi məlum deyil.
Bəzi məlumatlara görə, görüntülər Tehranın cənubundakı Naziyabad məhəlləsində qeydə alınıb. Bu məhəllə də 22 yaşlı Məhsa Əmininin İran rejimi tərəfindən sentyabrın ortalarında saxlanmasından və həbsdə olarkən ölməsindən sonra rejimə qarşı etirazlara səhnə olub.
Gecə saatlarında küçədə lentə alınan videoda guya onlarla polis əməkdaşının yerdə uzanan kişini döydüyünü görmək olub. Qarşı tərəfdəki binadan səhnəni lentə alan şəxsin təcavüzkarları söydüyü eşidilib. Videonu çəkən şəxs “Lənət olsun sənə, lənət olsun” deyib.
Başqa bir videoda polis paltarındakı motosiklet sürənin bir adamın üstünə sürdüyü görünür. Az müddət sonra uniformalı başqa bir şəxs dəyənəklə həmin şəxsi döyür, sonra başqa biri onu yaxın məsafədən güllələyir. O, əvvəlcə əlləri ilə başını örtməyə çalışır. Daha sonra ayaqları hərəkətsiz görünür.
Bu səhnəni lentə alan şəxsin “Öldü, öldü? dediyi eşidilib.
İranın polis rəisi, general Hüseyn Əştəri heç bir sübut təqdim etmədən keçən ay “xaricdəki əksinqilabçı qrupların” polis paltarı geyindiyini və kütləyə atəş açdığını iddia edib. O, saxta polis əməkdaşlarından bəzilərinin həbs olunduğunu bildirib.
Amnesty İnternational tvitter səhifəsində bildirib ki, bu video “İran təhlükəsizlik qüvvələrinin qəddarlığının sərhədinin olmadığını göstərən daha bir dəhşətli xatırlatmadır”.
Sarsıdıcı səhnələr sosial mediada iranlıların qəzəbinə səbəb olub və bir çoxları zorakılığı pisləyib. (Amerikanın səsi)