Müsavat başqanı yenidən Avropaya dəvət olundu – Divanın gündəliyi
Noyabrın 28-də Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyadan verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər və keçirilən tədbirlər barədə məlumat dinlənilib.
Məclisin son sessiyasında keçirilən seçkilərin nəticələri müzakirə olunub, Müsavatın demokratik prosedurlara əməl etməsinin cəmiyyətdə rəğbətlə qarşılandığı bildirilib.
Rayon təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi ilə bağlı tapşırıqlar verilib.
Müsavatın Mərkəzi Qərargahında Şəhidlər guşəsinin yaradılması haqqında qərar qəbul olunub.
Partiya başqanı Arif Hacılı beynəlxalq tədbirlərə dəvət olunduğunu, bununla əlaqədar yaxın günlərdə Avropanın bir neçə ölkəsinə səfər edəcəyini bildirib.
Naxçıvanda yüz milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsi ölkədə korrupsiyanın tüğyan etməsinin növbəti sübutu kimi qiymətləndirilib.
Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları prosesinin gedişatı təhlil edib. Qeyd edilib ki, Rusiya və Fransanın müdaxiləsi nəticəsində danışıqlar dalana dirənib.
İclasda Rusiya ordusunun Ukraynada törətdiyi hərbi cinayətlər, İranda dini rejimə qarşı etirazlar və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə edilib.