İranda etirazları dəstəkləyən məşhur aktrisa Təranə Əlidusti həbs edildi

İran hakimiyyəti ölkənin ən məşhur aktrisalarından birini hökumət əleyhinə etirazçılarla həmrəy olduğunu bildirdikdən sonra həbs edib.

Dövlət mediasının məlumatına görə, Təranə Əlidusti ölkəni bürümüş etiraz hərəkatı haqqında “yalan yaymaq” ittihamı ilə saxlanılıb.

Keçən həftə İnstaqram səhifəsində o, etirazlarda iştirak etdiyinə görə bir kişinin edam edilməsini pisləyib.

38 yaşlı qadın öz paylaşımında bəzi beynəlxalq təşkilatları Möhsün Şəkərinin edamına qarşı çıxış etmədiklərinə görə tənqid edib.

“Onun adı Möhsün Şəkəri idi. Bu qanı seyr edən və heç bir tədbir görməyən hər bir beynəlxalq təşkilat bəşəriyyət üçün rüsvayçılıqdır”, o yazıb.

IRNA Dövlət xəbər agentliyinin Telegram hesabında yayılan xəbərə görə, Təranə Əlidusti, “iddialarına uyğun gələn hər hansı sənədi” təqdim etmədiyi üçün polis tərəfindən həbs edilib.

Bu yaxınlarda onun səkkiz milyondan çox izləyicisi olan İnstaqram hesabı silinib.

38 yaşlı Təranə Əlidusti İranın ən uğurlu aktrisalarından biridir. O, 2016-cı ildə Ən Yaxşı Beynəlxalq Bədii Film nominasiyasında Akademiya Mükafatını qazanan “Satıcı” filmində rol alıb.

Lakin etiraz hərəkatı başlayandan bəri o, İran hökumətinin sentyabr ayında polis tərəfindən saxlanılan Məhsa Əmininin ölümü ilə yaranan ümummilli iğtişaşları yatırtmaq səylərini açıq şəkildə tənqid edir.

Noyabr ayında o, nümayişçilərlə həmrəy olaraq İnstaqramda hicabsız fotosunu yerləşdirməklə diqqət çəkib.

Etiraz hərəkatı 1979-cu il inqilabı nəticəsində hakimiyyətə gəldikdən sonra İran rejimi üçün ən ciddi çağırışlardan birinə çevrilib.

Hakimiyyət iki nəfəri təxminən “Allaha qarşı düşmənçilik” mənasını verən “mohareb”də təqsirli bildikdən sonra artıq edam edib. İran qanunlarına görə, cinayət silahla həyat və ya əmlakı hədələməklə “ictimai etibarsızlıq yaratmaq” kimi müəyyən edilir.

İranlı aktrisa Təranə Əlidusti ölkədəki etiraz aksiyalarına dəstək olaraq “İnstaqram” şəbəkəsində hicabsız fotosunu paylaşıb. Xəbəri “Reuters” agentliyi yayıb.

Təranə Əlidusti şəkil çəkdirərkən əlində plakat da tutub. Plakatda kürd dilində “Qadın, həyat, azadlıq” sözləri yazılıb.

“Qadın, həyat, azadlıq” – sentyabrın 18-dən İranda milliyyətcə kürd olan gənc qadın Məhsa Əmininin ölümü ilə əlaqədar keçirilən aksiyaların əsas şüarıdır.

Sentyabrın 13-də əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Əmini üç gün sonra xəstəxanada dünyasını dəyişib. İran hakimiyyəti təkzib etsə də, çoxları gənc qadının fiziki zorakılığın qurbanı olduğuna inanır.

Aksiyaları yatırtmaq cəhdlərinin indiyədək 300 nəfərə yaxın adamın ölümü, 14 min nəfərin həbsi ilə nəticələndiyi bildirilir.

“Reuters” agentliyi Təranə Əlidustinin hicabsız şəklini yaymasını aksiyaların ölkənin ən müxtəlif təbəqələri arasında dəstək qazanmasına daha bir nümunə kimi qiymətləndirir.

Aksiyaların davam etdiyi müddətdə İranın ən azı beş aktrisası hicabsız fotosunu paylaşıb.

1984-cü il təvəllüdlü Təranə Əlidusti daha çox “Satıcı” filmindəki roluna görə tanınır. Amerika Kino Sənəti Akademiyası 2016-cı ildə həmin filmi ən yaxşı xarici film kimi “Oskar” mükafatına layiq görüb.

Təranə Əlidusti futbolçu Həmid Əlidustinin qızıdır. 1956-cı il təvəllüdlü Həmid Əlidusti 1975-1995-ci illərdə İranın müxtəlif futbol komandalarında oynayıb. 1977-1986-cı illərdə İran milli komandasının formasını geyib, 2000-2016-cı illərdə məşqçilik fəaliyyəti ilə məşğul olub.

“Reuters” agentliyi Təranə Əlidustinin İrandakı Məhsa Əmini aksiyalarına hicabsız şəklini paylaşana qədər digər üsullarla, əsasən sosial şəbəkədə şüarlar paylaşmaqla da dəstək verdiyini qeyd edir.

Basta