Bayden Zelenskiyə söz verdi

ABŞ prezidenti Co Bayden Volodimir Zelenskini Rusiyanın fevral ayında hərbi müdaxiləyə başlamasından sonra Ukraynadan xaricə ilk səfəri zamanı Ağ Evdə qəbul edib.

Bayden və çərşənbə günü Vaşinqtona gələn Zelenski Ukrayna liderinin Konqresin birgə iclasında axşam edəcəyi çıxışından əvvəl Ağ Evdə danışıqlar aparıb.

Prezident Bayden Ukraynaya dəstəyi artıracağını vəd edib və ABŞ-ın ölkə üçün “ədalətli sülhü” dəstəklədiyini bildirib.

Bayden iki lider arasında Ağ Evdə Oval kabinetdə görüşün başlamasından əvvəl Zelenskiyə “yanınızda olmaqdan şərəf duyuram” deyib. O əlavə edib ki, ukraynalılar azadlıq və demokratiya uğrunda mübarizələrində “dünyanı ruhlandırırlar”.

 

ABŞ prezidenti həmçinin Ukraynaya maliyyə, hərbi və humanitar yardım göndərməyə davam edəcəyinə söz verib, Zelenski isə ABŞ-ın dəstəyinə görə “ürəkdən” təşəkkürünü bildirib.

Zelenski ABŞ-a daha əvvəl də gəlmək istədiyini deyib və “bütün ukraynalıların adından” Baydenə, Konqresə və ABŞ-da “adi insanlara” dəstəyə görə təşəkkür edib.

Zelenski həmçinin Baydenə ABŞ tərəfindən təchiz edilmiş HIMARS raketləri batareyasının kapitanı olan ukraynalı əsgərə məxsus Hərbi Xidmətə görə fəxri medalını təqdim edib. Ukraynalı əsgər Zelenskidən medalı “çox cəsur prezidentə” verməsini istəyib. Medalı qəbul edən Bayden, buna “layiq olmadığını, lakin çox dəyərli olduğunu” deyib.

Mətbuat üçün brifinqdə danışan yüksək səviyyəli administrasiya rəsmisi Zelenskinin səfərinin simvolik əhəmiyyətə malik olaraq, “ABŞ-ın Ukraynaya davamlı öhdəliyini vurğulamaq” imkanı verdiyini bildirib.

Danışıqların “döyüş meydanında sonrakı əməliyyatlarla bağlı dərin strateji müzakirələr”, ABŞ və digər müttəfiqlərin verə biləcəyi avadanlıq və təlim, eləcə də iqtisadi, enerji və humanitar məsələləri əhatə etdiyi bildirilib.

Zelenskinin Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri xarici ölkəyə ilk səfəri Konqresin Ukraynaya 40 milyard dollardan artıq əlavə hərbi yardımın da daxil olduğu böyük miqyasda xərcləri əhatə edən qanun layihəsini səsverməyə çıxarmağa və Pentaqonun özünü müdafiə məqsədi ilə Ukraynanı Patriot zenit-raket kompleksləri ilə təmin etməyə hazırlaşdığı bir vaxta təsadüf edir.

ABŞ-ın Konqresdə nəzərdən keçirilən maliyyə yardımının növbəti paketi Birləşmiş Ştatların Ukraynanın gələcək aylar ərzində hərbi əməliyyatlarını dəstəkləmək üçün nəzərdə tutulan ən böyük yardımı olacaq.

ABŞ rəsmiləri bildiriblər ki, Pentaqonun Ukraynaya 1,8 milyard dollarlıq geniş hərbi yardım paketinə ilk dəfə olaraq Patriot hava hücumundan müdafiə sistemi və döyüş təyyarələri üçün dəqiqliklə idarə olunan bombalar daxil olacaq.

Onların bildirdiyinə görə, hərbi yardım paketinə Pentaqonun ehtiyatlarından təxminən 1 milyard dollar dəyərində silah və Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində 800 milyon dollar daxildir.

Zelenskinin Vaşinqtona səfəri həmçinin Konqresdə güc balansında dəyişikliklərin baş verməsindən əvvələ təsadüf edir. Yanvar ayında Konqresin Nümayəndələr Palatasına nəzarət edəcək Respublikaçılar Ukraynaya yardım məsələsini daha diqqətlə nəzərdən keçirmək niyyətində olduqlarını bildiriblər.

Zelenski Qərbi Kyivi müasir döyüş tanklarından tutmuş raketdən müdafiə sistemlərinə qədər daha müasir silahlarla təmin etməyə çağırmaqda davam edir.