Bəxtiyar Hacıyev koma təhlükəsi ilə üzləşib
Həbsdə artıq 10-cu gündür aclıq aksiyasını keçirən ictimai fəal Bəxtiyar Hacıyevin səhhəti pisləşdiyi deyilir.
Bu barədə dekabrın 24-də onunla görüşən vəkil Elçin Sadıqov Turana məlumat verib.
Onun sözlərinə görə, buna baxmayaraq B.Hacıyev aclığı davam etdirir.
Vəkil qeyd edib ki, B.Hacıyevin sözlərinə görə, onu həkim müayinə edib. “Bəxtiyar Hacıyev bildirdi ki, həkim ona qanında şəkərin kritik dərəcədə aşağı düşməsini və özünün komaya düşə biləcəyini dedi. Bəxtiyarın sözlərinə görə, o bir gün ərzində yarım kilo arıqlayıb, ürək bulantısı var. Lakin bütün bunlara baxmayaraq aclığı davam etdirəcəyini dedi”.
Vəkilin sözlərinə görə, B.Hacıyev dünən onun müdafiəsi ilə bağlı təşkil olunmuş etiraz aksiyasına qatılanlara, xüsusilə aksiya zamanı həbs olunmuş T.Yaqubluya minnətdarlığını bildirdi və onun həbsinə təəssüf eydiyini qeyd etdi.
Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.