Şəhidinə layiq…
Hikmət Sabiroğlu
2020-ci ilin müharibəsinə bir Vətən müharibəsi deyirik, bir də İkinci Qarabağ müharibəsi.
“İkinci Qarabağ müharibəsi” uğurlu variant deyil. Erməni təcavüzü 1988-ci ildə başlayıb 1991-ci ildən hərbi işğala dönən “Birinci Qarabağ müharibəsi”ndən çox əvvələ gedib çıxır. 1918-1920-ci illərin, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün savaşı var. O savaş da ilk Qarabağ müharibəsi deyildi. 1905-ci ildə də savaş olub. Tarix Qarabağ xanlığının qurulduğu 1740-cı illərin, hətta ondan irəlinin toqquşmalarına da şahidlik edib.
1994-cü ildə atəşkəslə dayanan “Birinci Qarabağ müharibəsi”ndən sonranı da yada salaq. Cəbhə xəttində atəş haçan ara verdi, hansı il itki vermədik? 2016-cı ilin aprelində, 2020-ci ilin iyulunda qan göllənmədimi?
300 ili döyür savaşın tarixi. 19-cu əsrin əvvəllərindəki rus işğalı ilə daha da körüklənən Vətən müharibəsidir bu.
Vətən müharibəsinin 2020-ci il mərhələsi deməliyik ötən ilin savaşına.
***
İndiki duruma qiymət verəndə 2020-ci ilin savaş xəbəri ilə açılan 27 sentyabr səhərini xatırlamalıyıq. Dərin bir quyuda idik. 1988-1994-cü illər arasında düşmənlə havadarı Rusiyanın marağı tən gəlmiş, biz də həmin alovda pörşələnməyə məhkum olmuşduq. Dağı-aranı itirib yarımcan qalmışdıq. Düz 26 il.
Xatırlayaq!
2020-ci ilin 27 sentyabr səhəri Horadiz həndəvərində açılmışdı.
2021-ci ilin sentyabrında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlıdayıq. Qafan-Gorus yolunda.
Murovun bəri ətəyində idik.
İndi Kəlbəcərdəyik.
Quzanlının yan-yörəsində durmuşduq.
Ağdamdayıq indi.
Laçında varıq. Qaragölün sahilində. O biri sahilində!
Şuşadayıq. Yuxarı Qarabağın başı üstündə.
Quyudan çıxmışıq. Dikəlmişik.
Nağıl kimidir…
***
Heç kim özünü aldatmasın. Düşmən və onun havadarları (tək Rusiya yox, hərdən bizə şirin gələn başqaları da) bir qarış torpaq qaytaran deyildilər. Zor qaçılmaz idi.
Şəhidlərimizə, qazilərimizə borcluyuq. Azərbaycan durduqca.
Hərbi-siyasi rəhbərin məqamı duyub çox qətiyyətli addım atdığını deməmək olmaz. Deməliyik.
Cəmiyyətin rəhbərə misli görünməmiş dəstəyi də unudulmaz. Unutmasınlar.
1992-ci ilin yayındakı uğurlu hərbi əməliyyatlar zamanı dövlət rəhbərini Azərbaycan xalqının genefondunu məhv etməkdə qınayan rəqiblər, buna bir xeyli uyan cəmiyyət vardı (1993-cü ilin yazında, Kəlbəcər gedəndə o rəqiblər az qalırdı qol götürüb oynasın, cəmiyyət isə bunun çox da fərqində deyildi).
2020-ci il müharibəsində hamı (itkilərə yana-yana) qələbə sorağı gözləyirdi.
Tək dayağımız Türkiyənin savaşda rolu da başqa dastandır.
***
Bitməyən iş çoxdur.
Ərazimizdə qan çanağı qalır. Şəhər, qəsəbə, kəndlərimiz var düşmən əlində. Yaralı Xocalıya əlimiz çatmır. Rus qoşunu keşik çəkir Qarabağda. Laçın qapısına nəzarətimiz yoxdur. Naxçıvan yolu açılmayıb.
Tıncıxırıq. Amma səbir! Bəlkə də uzun sürəcək bu çətinliklər müvəqqətidir. Minalı sahədəyik, bir səhv addım bizi yandıra bilər. Səbir vaxtıdır.
2020-ci ilin 64 günü ərzində (27 sentyabr-1 dekabr) əldə olunan həm də böyük səbrin bəhrəsidir.
Səbir! Vətən müharibəsi gedir.
Həm də ədalət, halallıq, bu müstəvidə güclü cəmiyyət, gerçək milli birlik!
Şəhidinə layiq Azərbaycan!
Novator.az