Metro və avtobuslarda gediş haqqı bahalaşdı
Metro və marşrut avtobuslarında gediş haqqı bahalaşdı. Bununla bağlı bu gün, yanvarın 31-də Tarif (qiymət) Şurası qərar verib.
Qurumun yaydığı məlumatda bildirilir ki, iclasda daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb.
Qərarla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik müəyyən edilib. Hazırda bu, 30 qəpikdir: “Ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik (hazırda 35 qəpik), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0.40-1.00 manat (hazırda 30-90 qəpik arası) təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik müəyyən olunub (əvvəlki tarif 2.4 qəpik)”.
Qurumun məlumatına görə, müraciətlərdə qeyd edilib ki, sonuncu tənzimləmədən (2018) ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artması sərnişindaşımada maya dəyərinə ciddi təsir edib.
Qərarlar fevralın 3-dən qüvvəyə minir.
‘Qiymət artımını hökumət alovlandırır’
İqtisadçı, işadamı, keçmiş deputat Nazim Bəydəmirli AzadlıqRadiosuna Tarif Şurasının son qərarı ilə bağlı bildirib ki, qiymət artımı hər zaman vətəndaşlara izah edilməlidir: “Biz başqa ölkələrdə əgər qiymət bahalaşmasını müşahidə ediriksə, bununla bağlı hökumətin müxtəlif izahlarını, dövlət və özəl şirkətlərin audit yoxlamalarını görürük. Maya dəyərinin nə qədər olması ilə bağlı fikirlər səsləndirilir və əsaslandırılır”.
Onun sözlərinə görə, Azərbaycanda, bir qayda olaraq, dövlət iqtisadiyyata çox ciddi müdaxilə edir: “Hər zaman da zəncirvarı qiymət artımını hökumət alovlandırır. Adətən maya dəyərinin şişirdilməsi o sahəni idarə edənlərin səriştəsizliyindən, yaxud müxtəlif maliyyə mexanizmlərindən keçir. Dünyada sərnişindaşımanı, əsasən, özəl və ya bələdiyyəyə tabe olan şirkətlər həyata keçirir. Niyə Azərbaycanda satınalmalar dövlət büdcəsi hesabına əsaslandırılmamış baha olur? Başqa ölkələrdə həmin satınalmalar ən azı 50 faiz ucuza başa gəlir”.
Onun fikrincə, dövlət büdcəsi hesabına şəxsi biznesi inkişafı etdirmək tendensiyası var: “Əlavə yükü də hər zaman vətəndaşın belinə yükləyirlər”.
AzadlıqRadiosu