Bəxtiyar Hacıyevin anası: “Oğluma zor tətbiq etmək istəyirlər”
33 gündür aclıq edən insan haqları fəalı Bəxtiyar Hacıyevin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürüləcəyi ilə bağlı hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb.
Hacıyev bu gün vəkili vasitəsi ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçrülməsinin əleyhinə olduğunu bəyan edib.
O, aclığı sonadək davam etdirəcəyini, məcburi süni qidalandırmadan, orqanizminə sistem köçürülməsindən imtina etdiyini bildirib.
Hacıyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir və etiraz olaraq aclığı sonadək davam etdirəcəyini deyib.
Bu saatlarda insan hüquqları fəalının anası Solidə Mövlayeva oğlunun iradəsinin əleyhinə olaraq onun müalicə müəssisəsinə köçürülməsinə etiraz olaraq video bəyanatla çıxış edib.
Bəyanatda deyilir:“Bəxtiyar Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülməsinə razı deyil. Bu barədə bu gün və dünən vəkilləri vasitəsi ilə bildirib. İndi ona zor tətbiq etmək istəyirlər. Süni yolla qidalandırmaq istəyirlər. Onu hər dəqiqə incidirlər. O nə cinaytəkar deyil, nə xuliqan deyil. Bəxiyar haqlı olduğunu bildirib, aclıq aksiyası keçirir. Burada da onu incidirlər. Müalicə lazımdırsa dövlət xəstəxanlarının birinə köçürsünlər. Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürməsinlər. Onun istəyinin əleyhinə getməsinlər. Bəsdir, ona qarşı etdikləri cəzalar. Ona bir şey olarsa, bir faciə baş verərsə dövlət başçısı, daxili işlər naziri birbaşa cavabdehdir. Mən oğlumun salamat olmasını isrtəyirəm. O cinayətkar deyil, haqqına qovuşmalıdır. Ədalət bərpa olunmalıdır. Bu ölkədə nə qədər ədalətsizlik olacaq? O nə cinayət edib? Dövlət malını yeməyib. Heç kimlə dava etməyib, heç bir cinayət etməyib. Qurama iş açdıqları, cəza verdikləri bəs deyi, indi də belə cəza verirlər. Onun istəyinin əleyhinə olaraq Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürmək istəyirlər. Mən Bəxtiyarın anası olaraq buna qəti etirazımı bildirirəm”, o qeyd edib.
Öz növbəsində, Turan Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Bəxtiyar Hacıyevin anasının bəyanatı ilə bağlı sorğusuna hələ cavab ala bilməyib.
Fevralın 9-da tibb elmləri doktoru Adil Qeybulla təcridxanada Bəxtiyar Hacıyevi müayinə etdikdən sonra onun komaya düşəcəyini istisna etməyib.
“Hesab edirəm ki, onun səhhətində getdikcə zəifləmə təbiidir. Əlbəttə aclığı davam etdirərsə təzyiqi, şəkəri daha da düşər, vəziyyəti daha da pisləşər, komatoz (beyin qan dövranının pozulması və beyin toxumalarının toksik zədələnməsi) duruma düşə bilər. Bu təhlükələr var,” o, Amerikanın Səsinə qeyd edib.
Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.
O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.
Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib və hazırda 33 gündür aclığı davam etdirir. Hacıyev bundan öncə 14 gün aclıq edib.
Yanvarın 24-də ölkənin 18 vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Prezident İlham Əliyevə Bəxtiyar Hacıyevin azadlığa buraxılması xahişi ilə müraciət edib. Bununla yanaşı, çoxsaylı ictimai-siyasi xadimlər, jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə “Azadlıq Bəxtiyarın haqqıdır!” devizi ilə video müraciət yayıblar.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.